Əsas səhifə » Suriya höküməti Suveyda əhalisi ilə atəşkəs razılaşması əldə edib

Suriya höküməti Suveyda əhalisi ilə atəşkəs razılaşması əldə edib

BAKI, AzerVoice

Suriya hökuməti ölkənin cənubunda baş verən toqquşmalara son qoymaq üçün Suveyda şəhərinin sakinləri ilə atəşkəs razılaşmasına nail olub.

AzerVoice xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Razılaşmada bütün hərbi əməliyyatların dərhal və tam şəkildə dayandırılması, hərbi eskalasiyanın və ya təhlükəsizlik qüvvələrinə və onların nəzarət məntəqələrinə qarşı istənilən hücumun dayandırılması nəzərdə tutulur.

Razılaşmada atəşkəsin icrasına nəzarət və onun yerinə yetirilməsini təmin etmək üçün Suriya dövləti və druz şeyxlərindən ibarət nəzarət komitəsinin yaradılması qeyd olunub.

Həmçinin razılaşmaya əsasən, şəhərdə və ətraf bölgələrdə təhlükəsizliyin möhkəmləndirilməsi və vətəndaşların qorunması məqsədilə daxili təhlükəsizlik qüvvələrinin və polis əməkdaşlarının, o cümlədən Suveyda vilayətindən olan polis əməkdaşlarının yerləşdirilməsi razılaşdırılıb. Əyalətdən olan polis əməkdaşlarının təhlükəsizlik sahəsində rəhbərlik və icra vəzifələrini icra etməsi də nəzərdə tutulub.

Razılaşmada həmçinin mülki evlərə və şəhər daxilindəki və ya vilayətin digər bölgələrindəki şəxsi mülkiyyətlərə hörmətlə yanaşılması, onların hər cür hücum və dağıntıdan qorunması öhdəliyi əks olunub.

Razılaşmaya əsasən, Daxili İşlər və Müdafiə nazirlikləri ilə əməkdaşlıq çərçivəsində ağır silahların tənzimlənməsi mexanizmi müəyyən edilib. Məqsəd dövlət nəzarətindən kənarda qalan silahlı fəaliyyətlərin aradan qaldırılmasıdır. Bu proses yerli dini və ictimai liderlərlə koordinasiya şəklində həyata keçiriləcək və Suveyda vilayətinin sosial və tarixi xüsusiyyətləri nəzərə alınacaq. Vilayətin Suriya dövləti ilə tam inteqrasiyası və dövlətin bu ərazidə tam suverenliyinin bərpa olunması, bütün dövlət institutlarının yenidən fəaliyyətə başlaması razılaşmada vurğulanıb.

Razılaşma Suveyda yaşayan bütün vətəndaşların hüquqlarının təmin edilməsi məqsədilə ədalət və bərabərliyi təmin edən qanunların tətbiq olunmasını, vətəndaş sülhünün dəstəklənməsini və baş vermiş cinayətlərə, pozuntulara və hüquqazidd hallara dair ortaq istintaq komissiyasının yaradılmasını nəzərdə tutur. Zərərçəkmişlərin kompensasiya alması və hüquqlarının bərpası da mövcud qanunlar çərçivəsində sürətlə həyata keçirilməlidir.

Razılaşmada həmçinin Dəməşq–Suveyda yolunun dövlət tərəfindən təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin təhlükəsizliyinin qorunması, vilayətdə su, elektrik, yanacaq və səhiyyə kimi əsas xidmətlərin dərhal təmin olunması, son qarşıdurmalar zamanı saxlanılanların azad edilməsi və itkin düşənlərin taleyinin dərhal açıqlanması tələb olunur. Bütün bu maddələrin icrasına nəzarət üçün birgə komissiyanın yaradılması da razılaşdırılıb.

Razılaşmanın sonunda qeyd olunub ki, bu sənəd Suveyda əhalisi ilə Suriya dövləti arasında etimadın yenidən qurulması və onların təhlükəsizliyinin və sabitliyinin təmin olunması yolunda mühüm addımdır.

Qeyd edək ki, 13 iyul tarixində Əs-Süveyda vilayətində ərəb qəbilələrinin silahlı birləşmələri ilə dağlıq ərazilərin druz dəstələri arasında qarşıdurmalar başlayıb. İyulun 15-də Suriya ordusu vilayətin eyni adlı inzibati mərkəzinə daxil olaraq ərazidə sabitliyi təmin etmək məqsədilə əməliyyatlara start verib. Bundan dərhal sonra İsrail ordusu Suriya Silahlı Qüvvələrinin hərbi kolonlarını hədəfə almağa başlayıb. İsrail bu hücumları Əs-Süveyda vilayətində yaşayan druz əhalisini müdafiə etmək məqsədi ilə həyata keçirdiyini bildirib.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Digər Kateqoriyalar

2025 © Azervoice