BAKI, AzerVoice
Lyme xəstəliyi ABŞ-ın bioloji silahıdır?
AzerVoice xəbər verir ki, məşhur amerikalı podkast aparıcısı Co Roqan Lyme xəstəliyinin ABŞ hökuməti tərəfindən bioloji silah kimi yaradıldığına dair qalmaqallı açıqlamalarla gündəmə gəlib.
Roqan, ABŞ Səhiyyə Nazirliyinə namizəd olan Robert F. Kennedi Jr.-ın da bu iddianı dəstəklədiyini bildirib. “Lyme xəstəliyinin bioloji silah kimi istifadə edildiyinə dair ciddi sübutlar var. Bu sübutlar Plum Adası adlı laboratoriyadan qaynaqlanır”, – deyə o qeyd edib.
İddialara görə, Plum Adasında yetişdirilən kəpənəklər və gənələr vasitəsilə xəstəlik yayılıb və məqsəd ictimai səhiyyə sistemini sarsıtmaq olub.
Kennedi Jr. əvvəllər öz podkastında da bu barədə danışmış, lakin 2025-ci ildə keçirilən Senat dinləməsində bu iddialara birbaşa inanmadığını bildirmişdi. Buna baxmayaraq, “araşdırmaların sübut etdiyi istiqamətdə ictimaiyyətin irəliləməsinin vacib” olduğunu vurğulamışdı.
Bu iddialar təkcə Roqana məxsus deyil. Nyu-Cersidən olan Konqres üzvü Kris Smit də 2019-cu ildə Pentaqonun Plum Adası və Fort Detrickdə gənələr üzərində bioloji silah tədqiqatları apardığına dair iddiaların araşdırılmasını tələb etmişdi.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi isə iddiaları rədd edib. Rəsmi bəyanatda bildirilib ki, Plum Adası yalnız heyvan xəstəlikləri üzrə tədqiqatlarla məşğuldur və Lyme xəstəliyi ilə bağlı heç bir araşdırma aparılmayıb.
Elm ictimaiyyəti bu iddialara ehtiyatla yanaşır. Yale Universiteti və Amerika Lyme Xəstəliyi Fondu tərəfindən aparılan birgə araşdırma 1870–1919-cu illərdə saxlanılan heyvan nümunələrində belə Borrelia burgdorferi bakteriyasının mövcud olduğunu göstərib. Bu nəticələr xəstəliyin təbiət mənşəli olduğunu təsdiqləyir.
Qeyd edək ki, Lyme xəstəliyi əsasən yay aylarında, iyun-iyul arası gənələrin dişləməsi ilə ötürülür. Simptomlara boğa gözü formasında qızartı, qızdırma, əzələ ağrıları və xroniki yorğunluq daxildir.
Erkən diaqnozla antibiotiklərlə müalicə mümkündür, lakin gecikmiş hallarda ürək, sinir sistemi və beyinlə bağlı ağır nəticələrə səbəb ola bilər.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə (CDC) görə, hər il 30-40 min Lyme xəstəsi qeydə alınsa da, real sayın 476.000-ə qədər ola biləcəyi ehtimal olunur.