Əsas səhifə » Prezident İlham Əliyev Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında sərəncam imzalayıb

Bakı. AzerVoice

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında sərəncam imzalayıb.

AzerVoice xəbər verir ki, sərəncam xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə imzalanıb.

Belə ki, Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı yaradılır.

Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 13966,0 hektar sahədə Azərbaycan Respublikasının İlisu Milli Parkı yaradılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Digər Kateqoriyalar

2025 © Azervoice