BAKI, AzerVoice
Rusiya ordusu Ukraynaya qarşı son üç ilin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib.
AzerVoice xəbər verir ki, Ukraynanın müxtəlif şəhərlərinə ümumilikdə 728 ədəd insansız hava aparatı (PUA) və bir neçə raketlə hücum təşkil olunub.
Ukrayna Hərbi Hava Qüvvələri çərşənbə günü səhər verdiyi açıqlamada, Rusiya tərəfindən buraxılan 728 PUA-dan 718-nin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib. Eyni zamanda yeddi raketin də zərərsizləşdirildiyi qeyd edilib.
Moskvanın bu hücumu, 2022-ci ildən bəri davam edən müharibə çərçivəsində Ukraynaya qarşı həyata keçirilmiş ən genişmiqyaslı hava hücumlarından biri kimi qiymətləndirilir.
Kiyev meri Vitali Kliçko, Rusiya PUA-larının şəhərin mərkəzinə hücum etdiyini, lakin hava hücumundan müdafiə qüvvələrinin hədəfləri uğurla vurduğunu bildirib.
Ukrayna mediası isə qərbdə yerləşən Lutsk şəhərinin də atəşə tutulduğunu xəbər verib. Hücum nəticəsində infrastruktur və yaşayış ərazilərinə dəyən zərərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.