Əsas səhifə » Tbilisidə mitinq keçirilir

Tbilisidə mitinq keçirilir

BAKI, AzerVoice

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində yerləşən parlament binası önündə minlərlə insanın qatıldığı mitinq keçirilir.

AzerVoice xarici KİV-lərə istinadən xəbər verir ki, aksiyanı müxalifət təşkil edib.

Mitinqə keçmiş prezident Salome Zurabişvilinin də qatılacağı gözlənilir. Müxalifət parlament binasının qarşısında çıxışlar üçün səhnə qurub. Etirazçılar hakimiyyətin siyasətinə, o cümlədən müxalifət liderlərinin son saxlanılmalarına qarşı çıxış edirlər. Qeyd edilib ki, bəzi müxalifətçilər prezident Mixail Saakaşvilinin dövründə baş vermiş cinayətlərin araşdırılması ilə bağlı parlament komissiyasının iclaslarına qatılmaqdan imtina etdikləri üçün 7 və ya 8 aylıq həbs cəzasına məhkum ediliblər.

Parlamentin yerləşdiyi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Ərazidə polis gücləndirilmiş rejimdə xidmət aparır.

Qeyd edək ki, ötən il noyabrın 28-dən etibarən Gürcüstanda hər gün aksiyalar keçirilir. Bu, baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqı (Aİ) ilə danışıqlar prosesinin dayandırıldığını açıqlamasından sonra baş vermişdi. İlk iki həftə ərzində parlament qarşısında kütləvi etirazlar keçirilib və gecələr aksiyalarla hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verib. Daha sonra aksiyalar dinc xarakter alıb. Yeni ildən sonra da fəallar Rustaveli prospektində hər gün toplaşmağa davam edirlər, lakin iştirakçıların sayı bir qayda olaraq bir neçə yüz nəfəri keçmir və toqquşmalar qeydə alınmır. Buna baxmayaraq, vaxtaşırı Zurabişvili və digər müxalifət liderləri daha kütləvi mitinqlər təşkil edirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice