Əsas səhifə » Berlində 115 milyonluq bina alovlara qərq olub

Berlində 115 milyonluq bina alovlara qərq olub

BAKI, AzerVoice

Berlində dəhşətli yanğında 115 milyon avroluq göydələn alovlara bürünüb, ardıcıl partlayışlar bölgəni silkələyıb.

AzerVoice xəbər verir ki, Almaniyanın paytaxtı Berlində yerləşən "John Jahr Haus" adlı ofis və ticarət kompleksi bu səhər saatlarında güclü yanğına bürünüb.

Kurfürstenstrasse-də, Urania küncündə yerləşən və hələ tikinti mərhələsində olan göydələnin damında başlayan yanğın ətrafı dəhşətə gətirib.

Yerli vaxtla səhər saat 08:30 radələrində başlayan yanğınla birlikdə ard-arda üç güclü partlayış səslənib. Partlayışlar yaxınlıqdakı binalarda da hiss olunub və hər biri təxminən bir dəqiqəlik fasilə ilə baş verib.

Berlin Yanğınsöndürmə İdarəsinin verdiyi ilkin məlumata görə, yanğının başlanma səbəbi hələlik məlum deyil, lakin hadisə yerində olan mütəxəssislər yanar tikinti materiallarının alovun bu qədər sürətlə yayılmasına səbəb ola biləcəyini ehtimal edirlər.

Hadisə yerinə 100-dən çox yanğınsöndürən cəlb olunub. Alovların söndürülməsi üçün teleskopik bumlu xüsusi texnika ilə 50 metrlik hündürlüyə qədər müdaxilə edilir. Yanğının söndürülməsində binanın çoxmərtəbəli olması əlavə çətinliklər yaradıb.

Xoşbəxtlikdən, xəsarət alanların olmadığı bildirilir. Yanğının baş verdiyi bina ümumi dəyəri 115 milyon avro olan iri ofis və ticarət kompleksi kimi nəzərdə tutulurdu.

Qeyd edək ki, bu yanğın Almaniyanın son illərdə qarşılaşdığı ən riskli şəhər mərkəzi yanğınlarından biri kimi dəyərləndirilir. Hadisənin dəqiq səbəbləri ilə bağlı istintaq davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice