BAKI, AzerVoice
Rusiya ilə İstanbulda əldə olunan razılaşmaya baxmayaraq, əsirlərin dəyişdirilməsi üçün nəzərdə tutulan siyahılar hələ də Kiyevə təqdim olunmayıb.
AzerVoice xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik videomüraciətində bildirib.
“İstanbulda razılıq əldə etdiyimiz mindən çox əsirin siyahısı üçün Rusiya tərəfdən hələ də tam cavab yoxdur” – deyə, o bildirib.
Ukrayna prezidenti, Müdafiə naziri Rustem Umerov və digər rəsmilərlə bu məsələ üzrə danışıqlar apardığını, əsir mübadiləsi və həlak olmuş hərbçilərin meyitlərinin dəyişdirilməsi istiqamətində işlərin davam etdiyini vurğulayıb.
Zelenski, Rusiyanın əsir mübadiləsi ilə bağlı öhdəliklərini yerinə yetirməməsinin, xüsusilə ABŞ başda olmaqla beynəlxalq diplomatik səylərə ciddi zərbə vurduğunu deyib.
“Mübadilə prosesini davam etdirə biləcəyimizə inanırıq. Biz öz tərəfimizdən bunun üçün hər şeyi edirik. Əgər ruslar humanitar məsələlərdə belə razılaşmalara əməl etməzlərsə, bu, danışıqlar və diplomatiya sahəsində bütün beynəlxalq səyləri, xüsusilə də ABŞ-ın təşəbbüslərini ciddi şəkildə şübhə altına alacaq” - deyə, o qeyd edib.
Zelenski, yaxın zamanda keçiriləcək beynəlxalq toplantılara da toxunaraq, iyun ayında təşkil olunacaq NATO-nun Haaqa Zirvəsi və Kanadada baş tutacaq G7 sammiti üçün hazırlıqların davam etdiyini bildirib.
Zelenskiy videomüraciətinin sonunda Rusiyaya qarşı təzyiqlərin artırılmasının zərurətini vurğulayıb.
“Moskvanın üzərindəki təzyiqləri artırmalıyıq. Sanksiyaları gücləndirməliyik” - deyi, Zelenski yekunlaşdırıb.