BAKI, AzerVoice
Tehran yaxın günlərdə İran kəşfiyyatının əldə etdiyi İsrail sənədlərindən ibarət gizli arxivi ictimaiyyətə açıqlayacaq.
AzerVoice xəbər verir ki, bu barədə İranın Respublikasının kəşfiyyat naziri İsmail Xatib bəyanat yayıb.
O, arxivi ölkənin hücum qabiliyyətlərini gücləndirəcək "xəzinə" adlandırıb.
Bundan əvvəl bildirilmişdi ki, İran xüsusi xidmət orqanları İsrailin nüvə proqramına dair məxfi sənədlər arxivini əldə edib. Xatibin sözlərinə görə, sənədlərdə həmçinin İsrailin müdafiə imkanları, eləcə də bu ölkənin ABŞ və Avropa ilə münasibətləri barədə gizli məlumatlar yer alır.
"Bu xəzinənin (sənədlərdən ibarət arxivin – red.) ötürülməsi çox vaxt apardı və xüsusi təhlükəsizlik tədbirlərinin görülməsini tələb etdi. Əlbəttə, ötürülmə üsulları sirr olaraq qalacaq, lakin sənədlərin özləri yaxın vaxtlarda ictimaiyyətə açıqlanmalıdır" – deyə, nazir İran dövlət televiziyasına verdiyi müsahibədə bildirib.
O həmçinin əlavə edib ki, arxiv minlərlə sənəddən ibarətdir və onlar İsraildə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən əldə olunub.