Əsas səhifə » Pakistanda bombalı hücum hadisəsi olub

Pakistanda bombalı hücum hadisəsi olub

BAKI, AzerVoice

Pakistanın Bəlucistan əyalətində baş verən bombalı hücum hadisəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

AzerVoice xəbər verir ki, Pakistanın cənub-qərbində, Əfqanıstanla sərhəddə yerləşən Qillah Abdullah şəhərində minalanmış avtomobilin partlaması nəticəsində azı 4 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Hadisə ötən gecə Bəlucistan əyalətinin bazar yaxınlığında baş verib. Partlayış nəticəsində bir neçə bina və mağazaya ciddi ziyan dəyib. Yerli rəsmilərin sözlərinə görə, hadisə mülki şəxslərin sıx olduğu ərazidə baş verib.

Bəlucistan hökumətinin sözçüsü Şahid Rind hadisə ilə bağlı araşdırmanın başladıldığını bildirib.

Hücumun məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməyib. Lakin yerli KİV ehtimal edir ki, hücumun arxasında bölgədə fəallığı ilə seçilən Bəlucistan Azadlıq Ordusu (BLA) dura bilər. BLA daha əvvəl də mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə qarşı oxşar hücumlar həyata keçirib.

Qeyd edək ki, Pakistanın Əfqanıstanla sərhədyanı Bəlucistan və Hayber Paxtunxva əyalətləri silahlı qrupların hücumlarına tez-tez məruz qalır. Bu qruplar əsasən etnik və siyasi muxtariyyət tələbi ilə çıxış edir. Pakistan hökuməti hücumların əsasını Əfqanıstandan idarə olunan qruplaşmaların təşkil etdiyini bildirsə də, Əfqanıstan administrasiyası bu ittihamları qəbul etmir.

Digər Kateqoriyalar

2025 © Azervoice