Əsas səhifə » Britaniyada üç iran vətəndaşı təhlükəsizlik qanununu pozmaqda ittiham olunurlar

Britaniyada üç iran vətəndaşı təhlükəsizlik qanununu pozmaqda ittiham olunurlar

BAKI, AzerVoice

Böyük Britaniyada üç iranlı şəxs Milli Təhlükəsizlik Qanununun pozulmasında ittiham olunurlar.

AzerVoice xəbər verir ki, bu haqda “The Daily Telegraph” qəzeti məlumat verib.

Məlumata görə, Londonun Vestminster Magistrat Məhkəməsində keçirilən prosesdə bu şəxslərin ölkəyə qanunsuz şəkildə daxil olduqları və sığınacaq müraciəti etdikləri məlum olub.

Məlumata əsasən, 39 yaşlı Mostafa Sepahvand 2016-cı ildə yük maşınında gizlənərək Birləşmiş Krallığa gəlib və ölkəsində həyatının təhlükədə olduğunu əsas gətirərək sığınacaq istəyib. 44 yaşlı Fərhad Cavadi Maneş 2019-cu ildə şişmə qayıqla Britaniya sahillərinə çataraq dini səbəblərlə burada qalmaq istədiyini bildirib. 55 yaşlı Şapur Kələhali Xan Nuri isə 2022-ci ildə Birləşmiş Krallığa gəlib və sığınacaq üçün müraciət edib.

Bu üç nəfərə qarşı 14 avqust 2024-cü il – 16 fevral 2025-ci il tarixləri arasında xarici kəşfiyyat orqanına kömək edəcək hərəkətlərin həyata keçirilməsi, həmçinin Birləşmiş Krallıq ərazisində bir şəxsə qarşı ağır zorakılıq törətmək niyyəti ilə müşahidə və kəşfiyyat fəaliyyəti aparmaq kimi ittihamlar irəli sürülüb. Bu əməllər 2023-cü ildə qəbul edilmiş Milli Təhlükəsizlik Qanununa ziddir.

Britaniya mediasının daha əvvəl verdiyi məlumatlara görə, bu şəxslər Londondakı İsrail səfirliyinə və ya İran hakimiyyətinin terror təşkilatı elan etdiyi "Iran International" telekanalının əməkdaşlarına qarşı hücum planlaşdırırdılar. Məhkəmə onlar barədə həbs qərarı verib. Növbəti məhkəmə prosesi iyunun 6-da Londonun Mərkəzi Cinayət Məhkəməsi olan Old-Beylidə keçiriləcək.

Böyük Britaniyanın daxili işlər naziri İvet Kuper bildirib ki, irəli sürülən ittihamların ünvanlandığı xarici dövlət İrandır və bu ölkə öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır.

May ayının əvvəlində aparılan ikinci istintaq çərçivəsində London polisinin (Soctland Yard) terrorla mübarizə bölməsi tərəfindən daha beş nəfəri saxlanılb. Onlardan dördü İran vətəndaşıdır. Onlar “müəyyən bir obyektə hücum planı qurmaqda” şübhəli bilinir. Hücumun hədəfi istintaq sirri olduğu üçün açıqlanmır, lakin həmin obyektlə əlaqəsi olan şəxslərə xəbər verilib. Bu iş üzrə London, Mançester və Suindon şəhərlərindəki bir neçə ünvanda axtarışlar aparılıb. Saxlanılanların yaşları 29 ilə 46 arasında dəyişir. Onlar London, Suindon və Mançester bölgəsində, o cümlədən Stokport və Roçdeyldə saxlanılıblar və hazırda həbsdədirlər. Beşinci şəxsin milliyyəti dəqiqləşdirilir.

Bu beş nəfərdən dördü hələ də həbsdə saxlanılır, bir nəfər isə zəmanətlə azadlığa buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice