BAKI, AzerVoice
Bolqarıstanın paytaxtı Sofiyada və ölkənin digər şəhərlərində avronun tətbiqinə qarşı və milli pul vahidi olan levin müdafiəsinə yönəlmiş etiraz aksiyaları keçirilib.
AzerVoice xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu (BNR) məlumat yayıb.
Məlumata görə, minlərlə insan küçələrə çıxıb. Etiraz aksiyalarını “Vozrojdenie”, “Veliçie”, MEÇ və VMRO partiyaları dəstəkləyib. Etirazın təşkilatçıları olan “Vozrojdenie” partiyası və qeyri-hökumət təşkilatları avronun levi əvəzləməsi planına ictimai etirazlarını nümayiş etdirmək niyyətində olduqlarını bildiriblər.
Bildirilir ki, Bolqarıstan əhalisi avronun tətbiqindən sonra qiymətlərin kəskin artacağından narahatdır.
Xatırladaq ki, fevral ayının sonunda Bolqarıstan hökuməti ölkənin Avrozonaya daxil olmağa hazırlığını qiymətləndirmək üçün Avropa Komissiyası (AK) və Avropa Mərkəzi Bankından əlavə hesabatlar tələb etmək qərarı qəbul edib. Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına əsasən, cari ilin yanvar ayında qiymət sabitliyi göstəricisi 2,6 fazi olub və həmin dövrdə Bolqarıstanda inflyasiya da 2,6 faiz təşkil edib. Bu rəqəmlər ölkənin Avrozonaya üzvlüyə hazırlıq üçün son meyarlara cavab verdiyini təsdiqləyib. Hesabatların iyunun 4-də tarixində təqdim olunacağı gözlənilir.