Əsas səhifə » Çin XİN ABŞ-a xəbərdarlıq edib

Çin XİN ABŞ-a xəbərdarlıq edib

BAKI, AzerVoice

Çin Xarici İşlər Nazirliyi bu gün ABŞ müdafiə naziri Pit Heqsetin açıqlamalarına görə Vaşinqtona etiraz etdiyini bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Nazirliyin verdiyi açıqlamada deyilir.

Açıqlamada Nazirlik Heqseti region ölkələrinin sülh çağırışlarını qəsdən görməzdən gəlməkdə ittiham edib, və onun açıqlamalarını təxribatçı adlandırıb.

Açıqlamada həmçinin, Heqsetin Sinqapurda keçirilən Şanqri-La Dialoqunda Çinlə bağlı dediklərinin “təəssüf doğurduğu və bölgədə parçalanma toxumu səpməyə yönəldiyi” qeyd olunub.

“Heqset bölgə ölkələrinin sülh və inkişaf çağırışlarını qəsdən görməzdən gəldi, əvəzində soyuq müharibə zehniyyətini və bloklararası qarşıdurmanı təbliğ etdi, Çini qaralayan böhtanlar atdı və onu təhlükə kimi göstərərək böhtan xarakterli açıqlamalar verdi” - deyə, nazirlik bildirib.

“ABŞ Cənubi Çin dənizində hücum silahları yerləşdirib və Asiya-Sakit okean bölgəsində gərginliyi artıraraq bu bölgəni barıt çəlləyinə çevirib” - deyə, nazirlik əlavə edib.

Nazirlik həmçinin ABŞ-ı Tayvan məsələsində “odla oynamamağa” çağırıb.

Digər tərəfdən, Heqset bölgədəki ABŞ müttəfiqlərini müdafiə xərclərini artırmağa çağırıb və Çindən gələn “real və yaxın potensial təhlükə” barədə xəbərdarlıq edib. Asiya bölgəsinin ən mühüm müdafiə forumunda çıxış edən Heqset bildirib ki, Çinin Tayvana hərbi müdaxiləsi “ağır nəticələrə səbəb olacaq”.

ABŞ-ın Filippinlə uzunmüddətli müdafiə əlaqələri çərçivəsində ABŞ ordusu bu il Luson adasından həm Çini, həm də Rusiyanı vurmağa qadir Tayfun raketlərini yerləşdirib.

Qeyd edək ki, Çin və Filippin Cənubi Çin dənizindəki bəzi adalar və qayalıqların suverenliyi üzərində mübahisə aparır. Sahil mühafizələri arasında artan qarşıdurmalar müşahidə olunur və hər iki tərəf suların patrul xidməti üçün rəqabət aparır.

Digər Kateqoriyalar

2025 © Azervoice