Əsas səhifə » İŞİD-in media nümayəndəsi Pakistan-əfqanıstan sərhədində saxlanılıb

İŞİD-in media nümayəndəsi Pakistan-əfqanıstan sərhədində saxlanılıb

BAKI, AzerVoice

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə Pakistan kəşfiyyat təşkilatının (ISI) birgə əməliyyatı nəticəsində, Türkiyədə axtarışda olan və narıncı kateqoriyada yer alan İŞİD-in rəhbərlərindən biri Pakistan-Əfqanıstan sərhədində saxlanılıb.

AzerVoice-un məlumatına görə, əməliyyat nəticəsində həmin şəxsin İŞİD-in sözdə Horasan Vilayəti tərkibində yüksək səviyyəli türk media nümayəndəsi olduğu, Türkiyədən Əfqanıstan-Pakistan bölgəsinə təşkilat üzvlərinin ötürülməsini idarə etdiyi, İŞİD-in media orqanlarında türkcə yayım etdiyi, təşkilat üzvlərinə hücum təlimatları verdiyi, narıncı kateqoriyada axtarılan Özgür Altun (kod adı ilə Abu Yasir Al Turki) olduğu müəyyənləşdirilib.

MİT və ISI tərəfindən həyata keçirilən birgə əməliyyat nəticəsində, Türkiyədən qanunsuz yollarla Əfqanıstana keçən və orada fəaliyyət göstərən Özgür Altun Pakistan-Əfqanıstan sərhədində tutulub və Türkiyəyə deportasiya edilib.

Özgür Altun ifadəsində İŞİD-in türk əsilli media nümayəndəsi olduğunu, İngilis və Türk dillərində yayım etdiyini, dünya üzrə insanları terror aktlarına təşviq etdiyini, İŞİD-in insan qazanımı, logistika və maliyyə fəaliyyətlərinə rəhbərlik etdiyini etiraf edib.

MİT-in araşdırmaları nəticəsində İŞİD-in Türkiyəyə qarşı planladığı hücumların qarşısı alınıb və planlaşdırılan hücumlara dair rəqəmsal materiallar ələ keçirilib.

Qeyd edək ki, MİT, dünyanın hər yerində Türkiyəyə qarşı terror fəaliyyətlərini planlaşdıran qruplara qarşı qətiyyətlə mübarizəsini davam etdirir.

Digər Kateqoriyalar

2025 © Azervoice