BAKI, AzerVoice
Avropa Komissiyası ABŞ administrasiyasının tətbiq etdiyi rüsumlara cavab olaraq, dəyəri təxminən 100 milyard avro olan ABŞ məhsullarına qarşı əlavə əks-tədbirlər paketi hazırlayır.
AzerVoice xəbər verir ki, bu barədə "Euractiv" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, cavab tədbirləri paketi əsasən ABŞ-la danışıqlarda təzyiq vasitəsi kimi nəzərdə tutulub.
Mənbələrdən biri bildirib ki, 100 milyard avroluq cavab tədbirləri yalnız Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampı Avropa mallarına qarşı 20 faiz rüsum tətbiq etmək planlarından daşındıra bilmədiyi halda həyata keçiriləcək.
Bundan əvvəl Avropa Komissiyasının ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç bildirmişdi ki, ABŞ “dayandırma” bəyanatlarına baxmayaraq, artıq Aİ-dən idxal olunan malların 70 faizinə – ümumilikdə illik 380 milyard avroluq məhsula rüsum tətbiq edib və indi bu göstəricini 97 faizədək artırmağa hazırlaşır.
Şefçoviç əlavə edib ki, Avropa Komissiyası hələ ki, ABŞ-a qarşı heç bir cavab tədbiri tətbiq etməyib, çünki “xoş niyyət jesti” olaraq əks-tədbirləri 90 günə təxirə salıb və danışıqlara şans verib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin tapşırığı ilə ABŞ-la danışıqları aparan Şefçoviç bir daha vurğulayıb ki, Aİ hər iki tərəfin tarifləri ləğv etməsini, transatlantik ticarətdə baryerlərin aradan qaldırılmasını və xüsusilə nadir torpaq elementləri ilə bağlı logistika zəncirlərinin birgə təhlükəsizliyini təmin etməyi təklif edir.
Əgər ABŞ Aİ-nin bu təklifini rədd edərsə, Şefçoviç Avropa Komissiyasının məhkəməyə müraciət edəcəyini, cavab tədbirləri tətbiq edəcəyini və Komissiyanın ixtiyarında olan bütün vasitələrdən istifadə edəcəyini bildirib. O həmçinin qeyd edib ki, Aİ ticarət marşrutlarını digər ölkələrə yönəltməyi nəzərdən keçirir, çünki ABŞ dünya ticarətinin cəmi 13 faizini təşkil edir.