Əsas səhifə » İsrail ordusu Yəmənin hava limanına zərbə endirib

İsrail ordusu Yəmənin hava limanına zərbə endirib

BAKI, AzerVoice

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Yəmənin paytaxtı Sənada yerləşən beynəlxalq hava limanı və onun ətrafındakı “Ənsar Allah” (husilər) hərəkatına aid obyektlərə 15 dəqiqə ərzində 50-dən çox hava zərbəsi endirib.

AzerVoice xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri 50 sursat istifadə edərək husilərin terrorçu rejiminə aid çoxsaylı obyektləri vurub. Bu obyektlər Sənanın əsas hava limanı daxilində və onun ətrafında yerləşirdi" – deyə, məlumatda qeyd olunub.

Ordu həmçinin bildirib ki, təyyarələr Sənanın əsas hava limanını, husilərin terror məqsədilə istifadə etdiyi elektrik stansiyalarını və beton zavodunu bombalayıb.

Mənbələrin məlumatına görə, İsrailin bu hücumu nəticəsində Sənanın əsas sərnişin terminalı və hava limanının bütün texniki obyektləri tamamilə dağıdılıb. Hava limanı ərazisində olan bütün mülki təyyarələrin də məhv edildiyi bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice