BAKI,
AzerVoice
Qəzzada səhiyyə sistemi çökmək üzrədir – humanitar böhran
dərinləşir.
AzerVoice xəbər verir ki, Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris Qəzzada davam
edən hücumlar və yardımın qarşısının alınması səbəbindən bölgədə
sağlamlıq risklərinin kritik həddə çatdığını bəyan edib.
Harris bildirib ki, artıq iki aya yaxındır Qəzzaya heç bir tibbi
yardım və ləvazimat daxil olmayıb, bu isə bölgədə insan
sağlamlığını təhlükəyə atır. İnsanlar çox izdihamlı və qeyri-sağlam
şəraitdə yaşayır, nəticədə yoluxucu xəstəliklər sürətlə yayılır
Harris vurğulayıb ki, bölgədə fəaliyyət göstərən 21 qismən aktiv xəstəxana və 4 səhra xəstəxanası ehtiyacları qarşılamaqdan uzaqdır. Çarpayı çatışmazlığı səbəbilə tibb işçiləri xəstələri dəhlizlərdə müalicə etməyə məcbur qalır.
ÜST sözçüsü bildirib ki, Qəzzada əhali həm də qida çatışmazlığı və pis sanitariya şəraiti ilə üz-üzədir.
“Hal-hazırda sərhəddə yardım ləvazimatları ilə dolu 16 yük maşını var. Amma onlar Qəzzaya buraxılmır. Bu da o deməkdir ki, səhiyyə işçilərinin resursları tükənmək üzrədir,” – deyə o bildirib.
Harris, ÜST komandasının bölgədə qaldığını və fəaliyyət göstərdiyini, yalnız yardım çatdırmaqla kifayətlənməyib müşahidə dəstəyi verdiklərini, yoluxucu xəstəliklərin yayılmasını izlədiklərini və xəstələrin təxliyəsini də təşkil etdiklərini deyib. “Biz hər şəraitdə burada qalmağa davam edəcəyik. Tibbi ləvazimatlar vacibdir, amma gördüyümüz işlərin yalnız bir hissəsidir,” – deyə o əlavə edib.
Qeyd edək ki, Qəzzada aylardır davam edən silahlı qarşıdurmalar nəticəsində minlərlə insan həyatını itirib, yüzminlərlə insan isə evsiz və yardımsız qalıb. BMT və beynəlxalq təşkilatlar bölgəyə təcili humanitar yardımın buraxılması üçün çağırış etsə də, indiyə qədər əsas ehtiyaclar yerinə yetirilməyib.