BAKI,
AzerVoice
İsrailin Şərqi Qüdsdəki məktəbləri bağlaması 800 uşağın təhsil
hüququnu təhlükəyə atır.
AzerVoice xəbər verir ki, BMT-nin
Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin Şərqi
Qüdsdə 6 məktəbi bağlamaq qərarını beynəlxalq hüququn pozuntusu
kimi qiymətləndirib və bunun təxminən 800 uşağın təhsil hüququnu
ciddi şəkildə təhdid etdiyini bildirib.
UNRWA-nın Qərb Sahilindəki direktoru Roland Fridrix X (keçmiş Twitter) hesabında paylaşım edərək bildirib ki, bu bağlanma qərarı 10 gün ərzində qüvvəyə minəcək. Onun sözlərinə görə, Şuafat Qaçqınlar Düşərgəsində yerləşən bu məktəblər onilliklərdir ki, yerli cəmiyyətin sosial strukturu və uşaqların təhsilinə çıxışı üçün əsas rol oynayıb.
Qeyd edək ki, Fələstin Xarici İşlər Nazirliyi aprelin 9-da İsrailin Qüdsün Şuafat, Silvan, Vadi əl-Coz və Sur Bahir bölgələrindəki UNRWA məktəblərinin bağlanması qərarını pisləyib. İsrail tərəfi bu məktəblərin “lisenziyasız fəaliyyət göstərməsi”ni əsas gətirib. UNRWA-nın İsraildə və işğal olunmuş Şərqi Qüdsdə fəaliyyətinə məhdudiyyətlər qoyan qərar isə bu ilin yanvarında qüvvəyə minib.