BAKI, AzerVoice
Avropanı silkələyən 5 saniyəlik böhranda İspaniyada 1 milyard avroluq enerji itkisi yaşandığı ehtimal olunur.
AzerVoice xəbər verir ki, 29 aprel
2025-ci il tarixində Avropada baş verən və İspaniyada başlayaraq
Fransa və Portuqaliyaya yayılan genişmiqyaslı elektrik kəsintisi
milyonlarla insanın həyatına təsir göstərib.
İspaniya Baş naziri Pedro Sançesin açıqlamasına görə, yalnız 5
saniyəlik müddətdə 15 giqavatlıq istehsal sistemdən itib, bu isə
ölkənin ümumi elektrik tələbatının 60%-i deməkdir. Hadisənin yalnız
ilk günündə iqtisadi zərərin 1 milyard avroya çata biləcəyi
bildirilir.
Hadisə nəticəsində bir çox şəhər işıqsız qalıb, nəqliyyat infrastrukturu iflic olub və əsas ictimai xidmətlər dayanıb. İspaniyada və Portuqaliyada fövqəladə vəziyyət elan olunub. Madrid, Valensiya, Qalisya və digər bölgələrdə idarəetmə səlahiyyətləri mərkəzi hökumətə təhvil verilib və üçüncü səviyyəli fövqəladə hal planı tətbiq edilib.
Səbəb hələ də naməlumdur – kiberhücum ehtimalı istisna edilmir.
Avropa İttifaqı Komissiyası sədrinin müavini Tereza Ribera insidentlə bağlı hər hansı sabotaj və ya kiberhücum izinə rast gəlinmədiyini açıqlasa da, istintaq çoxşaxəli şəkildə davam edir. Portuqaliyanın REN enerji şirkəti isə kəsintinin yüksək gərginlik xətlərində balanssızlıq və temperatur dəyişmələri səbəbindən baş verdiyini iddia edib. Lakin bu açıqlama ictimaiyyətdə inandırıcı qarşılanmayıb və sosial şəbəkələrdə tənqid olunub.
İspaniyanın "The Objective" xəbər portalına görə, elektrik kəsintisinin bir günlük iqtisadi dəyəri təxminən 1 milyard avro olub. Bu rəqəmə istehsalın dayanması, logistika zəncirindəki fasilələr və soyudulmalı məhsulların korlanması səbəbilə artan xərclər daxildir. Hökumət təcili yardım planlarını aktivləşdirərək bərpa işlərinə başlayıb.
İspaniyanın milli enerji operatoru Red Electrica sistemdəki nasazlıqların böyük ölçüdə aradan qaldırıldığını və ölkənin elektrik ehtiyacının 99,16%-nin bərpa olunduğunu açıqlayıb. Portuqaliyada isə 424 trafo mərkəzi gecə saatlarında qismən fəaliyyətə başlayıb və 6,2 milyon istifadəçiyə yenidən enerji təmin olunub.
Qeyd edək ki, ötən gün Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar qeyd edib ki, Türkiyə də Avropa enerji sisteminə bağlı olsa da, bu böhrandan təsirlənməyib. O, bəzi ekspertlərin hadisəni nəzarətsiz bərpa olunan enerji istehsalı – xüsusilə günəş və külək enerjisinin – təsiri ilə əlaqələndirdiyini bildirib.