Bakı, AzerVoice
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Aİ xarici işlər nazirlərini bir araya gətirəcək qeyri-rəsmi toplantıda Qəzzaya humanitar yardımı kəsməyə çağıran israilli nazirlərə qarşı sanksiyalar məsələsini gündəmə gətirəcək.
AzerVoice xəbər verir ki, Britaniya mətbuatının məlumatına görə, Borrell Qəzzaya humanitar yardımların kəsilməsini və mülki əhalinin qəsdən ac qalmasını müdafiə edən bəyanatlarına görə qınadığı İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı sanksiyalar məsələsini avqustun 29-da keçiriləcək iclasda gündəmə gətirəcək.
Borrelin toplantıya qatılacaq 27 Avropa İttifaqına üzv ölkənin xarici işlər nazirlərini İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq etməyə çağıracağı gözlənilsə də, görüş qeyri-rəsmi olduğundan bu istiqamətdə qərarın veriləcəyindən söhbət gedə bilməz.
Bu təklifin Ukraynada davam edən müharibəyə münasibətdən fərqli olaraq İsrailin Qəzzaya hücumlarına qarşı eyni mövqeyi paylaşmayan Aİ içində birmənalı qarşılanmayacağı, Macarıstan və Çexiyanın belə bir təklifi veto edəcəyi deyilir.
Anonim mənbələr, Borrellin bu addımı ilə "İsrail-Qəzza məsələsində İttifaqın zədələnmiş beynəlxalq etibarını bərpa etməyi" planlaşdırdığını bildirib və əlavə olaraq "Məqsəd Aİ-nin etibarını qorumağa çalışdığını və ikili standartlara sahib olmadığını göstərməkdir.", - deyə qeyd edilib.
Qeyd edək ki, avqustun 16-da Fələstin torpaqlarını qəsb edən israilli miqrantlar işğal altındakı İordan çayının qərb sahilindəki Cit kəndinə hücum etdikdən sonra sosial mediada paylaşım edən Borrell, bu zorakılığa şərait yaradan və aralarında İsrail hökumət nümayəndələrinin də olduğu bəzi şəxslərə sanksiya tətbiq edilməsini təklif edəcəyini bildirmişdi.