Bakı,
AzerVoice
Böyük Britaniyanın İnformasiya Komissarlığı Ofisi (ICO) TikTok-un
13-17 yaşlı uşaqların şəxsi məlumatlarından istifadə qaydalarını
araşdırmağa başlayıb.
AzerVoice xəbər verir ki, araşdırma platformanın tövsiyə sistemlərinin uşaqların onlayn fəaliyyətlərindən əldə edilən məlumatlara əsaslanaraq uyğun olmayan və ya zərərli məzmun təqdim edib-etmədiyini müəyyənləşdirmək məqsədini daşıyır.
ICO-nun bəyanatında bildirilib ki, bu araşdırma uşaqların onlayn məxfiliyinin qorunması ilə bağlı artan narahatlıqlar fonunda həyata keçirilir. Komissiya sosial media və video paylaşma platformalarının məzmun seçimlərində gənclərin şəxsi məlumatlarından necə istifadə etdiyini yoxlayacaq.
İnformasiya Komissarı John Edwards, sosial media platformalarının texnoloji yeniliklərini alqışladıqlarını, lakin bu inkişafların uşaqların məxfiliyini təhlükəyə atmamalı olduğunu vurğulayıb.
"Biz sosial media şirkətlərinin uğur qazanmasını istəyirik, lakin bu, uşaqların məxfiliyi bahasına olmamalıdır. Böyük Britaniyada fəaliyyət göstərmək istəyən platformalar məlumatların qorunması qanunlarına əməl etməlidir." - deyə o bildirib.
ICO TikTok-la yanaşı Reddit və Imgur platformalarının da uşaqların şəxsi məlumatlarından və yaş yoxlama üsullarından necə istifadə etdiyini araşdıracağını bildirib.