BAKI, AzerVoice
İranın Moskvadakı səfiri Kazım Cəlali Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv ölkələrini İsrail rejiminin İslam Respublikasına qarşı son təcavüzünə qarşı vahid və kollektiv mövqe tutmağa çağırıb.
AzerVoice xəbər verir ki, Yekaterinburqda keçirilən ŞƏT-in sənaye nazirlərinin üçüncü iclasında çıxış edən səfir Cəlali bildirib ki, Qərb dövlətlərinin dəstəyi ilə həyata keçirilən bu hücumlar təkcə hərbi mövqeləri deyil, eyni zamanda xəstəxanaları, elektrik stansiyalarını və nüvə alimlərini hədəf alıb.
Cəlali vurğulayıb ki, İsrail rejimi nə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT), nə də Kimyəvi Silahlar Konvensiyasına (CWC) qoşulmayıb. Buna baxmayaraq, Qərb dövlətləri bu rejimin təcavüzkar hərəkətlərinə qarşı susqunluq nümayiş etdirir və ikili standartlardan çıxış edir.
Səfir əlavə edib ki, dünya hal-hazırda Qərb dövlətlərinin beynəlxalq hüququ və çoxtərəflilik prinsiplərini misli görünməmiş şəkildə pozduğunun şahididir.
Kazım Cəlali ŞƏT-in bu iclasını qlobal çağırışlar fonunda üzv dövlətlərin siyasətlərini koordinasiya etmək üçün vacib fürsət kimi dəyərləndirib.
Xatırladaq ki, ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən təsis olunub. Hazırkı üzvlər sırasına İran, Rusiya, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan və Belarus daxildir.