Bakı,
AzerVoice
Braziliyanın Amazon bölgəsində yerləşən Buriticupu şəhərində
yaranan nəhəng çuxurlar yüzlərlə evi təhlükə altına qoyub.
AzerVoicexəbər verir ki, uçurumların
genişlənməsi və yaşayış sahələrini təhdid etməsi səbəbindən şəhər
rəhbərliyi bölgədə fövqəladə vəziyyət elan edib.
Maranhao əyalətinin Buriticupu şəhərində artıq bir neçə bina torpaq sürüşmələri nəticəsində dağılıb. 55 min nəfərlik əhalinin 1 200-dən çoxu isə evlərini itirmək riski ilə üz-üzədir.
Buriticupu sakinləri artıq 30 ildən çoxdur ki, torpaq sürüşmələrinin yaratdığı problemlərlə qarşılaşır. Bölgədə intensiv yağışlar və qumlu torpaq quruluşu eroziyanı daha da sürətləndirir. Üstəlik, plansız tikinti işləri və meşələrin qırılması da bu prosesə mənfi təsir göstərir.
Maranhao Federal Universitetinin coğrafiya üzrə professoru Marcelino Farias bildirir ki, belə problemlər xüsusilə güclü yağış mövsümlərində daha da şiddətlənir.
Buriticupu şəhərinin ictimai işlər katibi və mühəndis Lukas Konseysao isə bələdiyyənin bu problemi həll etmək imkanlarının olmadığını etiraf ediblər.
Hazırda səlahiyyətlilər problemin qarşısını almaq üçün mümkün həll yollarını araşdırırlar.