BAKI, AzerVoice
İsrailin İranın nüvə proqramı üzrə danışıqların davam etdiyi bir vaxtda ABŞ-la koordinasiyalı şəkildə həyata keçirdiyi hücumları Vaşinqtonun etibarsızlığının göstəricisidir.
AzerVoice xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə telefon danışığında bildirib.
“ABŞ-ın İsrailin İran ərazisinə hücumlarını koordinasiya etməsi, xüsusilə də diplomatik danışıqların aparıldığı bir vaxtda, Birləşmiş Ştatların qeyri-səmimiliyini və etibarsızlığını bir daha üzə çıxarır” - deyə, Pezeçkian qeyd edib.
O əlavə edib ki, İsrailin hücumları davam edərsə, qarşılığı daha sərt və güclü olacaq. O, İranın öz suverenliyini və milli təhlükəsizliyini qorumaq üçün bütün vasitələrə əl atmaq hüququna sahib olduğunu vurğulayıb.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd 3" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.