Əsas səhifə » Müharibə deyil, sabitlik istəyirik - Suriya XİN

Müharibə deyil, sabitlik istəyirik - Suriya XİN

BAKI, AzerVoice

Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani Suriya ilə İsrail arasında 1974-cü ildə imzalanmış Qüvvələrin Ayrılması Müqaviləsinə bağlı olduqlarını bəyan edib.

AzerVoice xəbər verir ki, nazir bu fikirləri Avropa İttifaqının Aralıq dənizi üzrə komissarı Dubravka Suica ilə Dəməşqdə keçirdiyi mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, Suriya müharibə deyil, sabitlik və yenidənqurma arzusundadır. "İsrailin Suriya ərazisinə hücumları ölkənin suverenliyinə açıq təcavüzdür və bölgədə sabitliyi pozur", – deyə o bildirib.

Eyni zamanda, İsrail ordusu Suriyadan Colan təpələrinə edilən top atəşlərinə cavab olaraq, Dəranın qərbində yerləşən Yərmuk hövzəsini artilleriya ilə vurduğunu açıqlayıb.

Əş-Şeybani bəyan edib ki, Suriya hal-hazırda "xarici qüvvələrin dəstəklədiyi" silahlı qrupların hücumları ilə üzləşir və əgər bu hücumlar başqa ölkədə baş versəydi, "terror aktları" kimi qiymətləndirilərdi. O, Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşları Suriyanın təhlükəsizliyi və sabitliyini dəstəkləməyə çağırıb və bildirib ki, Dəməşq dialoq və investisiyalara açıqdır.

Qeyd edək ki, 1974-cü ildə BMT-nin vasitəçiliyi ilə imzalanan müqavilə İsrail və Suriya qüvvələrinin Colan təpələrində təmas xəttindən geri çəkilməsini nəzərdə tuturdu.

Digər Kateqoriyalar

2025 © Azervoice