BAKI, AzerVoice
Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç "Türk Əsri"ni ədalət əsrinə çevirməkdə qərarlı olduqlarını bildirib.
AzerVoice xəbər verir ki, nazir Tunç
sosial media paylaşımında “Cəzaların İcrası və Təhlükəsizlik
Tədbirləri haqqında” Qanunun və bəzi qanunlarda dəyişiklikləri
əhatə edən 10-cu Məhkəmə Paketinin məqsəd və əhəmiyyətinə
toxunub.
Onun sözlərinə görə, yeni qanun cinayət mühakiməsinin
səmərəliliyini artırmaq, cəzasızlıq təəssüratını aradan qaldırmaq,
xüsusi icra prosedurlarını genişləndirmək və yol hərəkəti
təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.
"Qanunun aliliyinə əsaslanan, gecikməz və öngörülə bilən bir ədalət sistemi vizyonu ilə Türk Əsri Məhkəmə İslahatı Strategiya Sənədimizdəki hədəfləri həyata keçirməyə davam edəcəyik. Türk əsrini ədalət əsri edəcəyik.” - deyə nazir qeyd edib.
Qeyd edək ki, 10-cu Məhkəmə Paketi cinayət hüququ sahəsində islahatların davamı olaraq, Türkiyədə hüquqi sistemin gücləndirilməsinə yönəlib və bu, "Türk Əsri" konsepsiyası çərçivəsində atılan mühüm addım kimi dəyərləndirilir.