BAKI,AzerVoice, Fərid Mikayılov
Suriya hakimiyyəti ölkənin cənubunda druzların sıx yaşadığı Cəbəl əl-Ərəb (Süveyda) bölgəsinə nəzarəti bərpa etmək üçün ABŞ-la koordinasiyalı şəkildə hərəkət edir.
AzerVoice xəbər verir ki, Dəməşq Vaşinqtonun dəstəyinin İsrailin milli təhlükəsizliyinə zərər vurulmaması şərti ilə mümkün olduğunu qəbul edir, bununla belə, Tel-Əviv bu prosesdən narahatlıq keçirir.
Məlumata əsasən, hərbi məsələlərlə maraqlanan suriyalı rəsmi bildirib ki, Suriya hökuməti Prezident Əhməd əş-Şəraanın Süveyda vilayətinə nəzarəti bərpa etməsi istiqamətində atdığı addımların ABŞ tərəfindən koordinasiya edildiyi və dəstəkləndiyi qənaətindədir. Onun sözlərinə görə, Dəməşq hələlik Süveydaya yenidən daxil olmaqla bağlı yekun qərar verməyib və bu prosesin “tez ya gec, mümkün qədər dialoq və qarşılıqlı anlaşma yolu ilə” baş verəcəyi gözlənilir.
İsrail-Suriya danışıqları zamanı Tel-Əviv təhlükəsizlik razılaşmalarına Süveyda əyalətinə humanitar dəhlizin açılmasını təmin edən mexanizmin daxil edilməsini tələb edib. ABŞ rəsmiləri isə Vaşinqtonun dəstəyinin həm Şəraanın addımlarının İsrailin milli təhlükəsizliyinə zərər vurmaması, həm də bölgədə yaşayan druzlara qarşı yeni qırğınların baş verməməsi şərtləri ilə mümkün olduğunu bildiriblər.
Süveydadakı yerli icma nümayəndələri “The Jerusalem Post” nəşrinə açıqlamalarında Suriya ordusunun bölgəyə yenidən daxil olmasından narahat olduqlarını bildiriblər. Onlar 2025-ci ilin oktyabrında dövlətə bağlı silahlı qruplar tərəfindən təxminən 2 min 500 nəfərin qətlə yetirildiyini xatırladıblar.
Qeyd edək ki, son həftələr ərzində Süveyda vilayətində nisbətən sakitlik müşahidə olunur. İsrailin Baş naziri Benyamin Netanyahu ötən ilin iyulunda bəyan etmişdi ki, İsrail Suriyanın cənub-qərb bölgəsinin silahsız zona kimi saxlanılmasına sadiqdir və “Suriyanın cənubunda ikinci Livanın yaradılmasına icazə verilməyəcək”.
Eyni zamanda, mənbələrin bildirdiyinə görə, Suriya və İsrail rəsmilərinin ABŞ-ın vasitəçiliyi ilə yaxın vaxtlarda, Parisdə görüşü gözlənilir. Əhməd əş-Şəraaya yaxın mənbə bildirib ki, danışıqlarda Dəməşq və Tel-Əviv arasında təhlükəsizlik razılaşmasının yekunlaşdırılması, eləcə də iki ölkə arasındakı bufer zonalarda mümkün birgə strateji və iqtisadi layihələr müzakirə ediləcək.