BAKI,AzerVoice, Fərid Mikayılov
Suriya prezidenti Əhməd əş-Şəraa, İraq Baş naziri Məhəmməd Sudani və Kürdüstan Demokrat Partiyasının (KDP) lideri Məsud Bərzani ilə telefon danışığı aparıb.
AzerVoice xəbər verir ki, görüşlərdə əsas gündəm mövzusu PKK/YPG-nin Suriya qolu olan SDG ilə yaşanan gərginlik, regional təhlükəsizlik və sərhəd sabitliyi olub.
Şəraa-Bərzani görüşü
Suriya Prezident Administrasiyasının yaydığı məlumata görə, Əhməd əş-Şəraa ilə Məsud Bərzani arasında keçirilən telefon danışığında Suriyadakı son siyasi və təhlükəsizlik prosesləri, sabitliyin təmin edilməsi və kürdlərin hüquqlarının qorunması müzakirə edilib.
Şəraa Suriyadakı kürdlərin milli, siyasi və vətəndaş hüquqlarının dövlət zəmanəti altında olduğunu vurğulayıb. Bərzani isə Suriya hökuməti ilə SDG arasında əldə edilən son razılaşmanı dəstəklədiyini bildirib. Tərəflər bölgədə sülhün möhkəmləndirilməsi və mübahisələrin dialoq yolu ilə həll edilməsi üçün koordinasiya və məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Şəraa-Sudani görüşü
Şəraa ilə İraq Baş naziri Sudani arasında aparılan telefon danışığında isə Suriya–İraq sərhəd xəttinin təhlükəsizliyi əsas mövzu olub. Tərəflər İŞİD-ə qarşı sahə və kəşfiyyat əməkdaşlığının gücləndirilməsi, həmçinin sərhəd keçid məntəqələrinin ticarət və humanitar məqsədlərlə tam güclə açılması barədə razılaşıblar.
Sudani İraqın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb. Şəraa isə İraq hökumətinin sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü tədbirləri müsbət qiymətləndirib.
Sudani-Abdi görüşü
Sudani, Şəraa ilə danışıqdan sonra SDG lideri Məzlum Abdi ilə də görüş keçirib. İraq Baş nazirinin ofisindən verilən açıqlamada bildirilib ki, Sudani Suriyadakı təhlükəsizlik boşluğunun və qəfil dəyişikliklərin İraqın milli təhlükəsizliyinə birbaşa təsir göstərdiyini diqqətə çatdırıb.
O, xüsusilə bölgədə saxlanılan minlərlə terrorçunun olduğu həbsxanalarla bağlı risklərə diqqət çəkərək, mümkün xaos və ya qaçış ssenarisinin bütün region üçün ciddi təhlükə yarada biləcəyini bildirib. Sudani vurğulayıb ki, Suriyanın ərazi bütövlüyü yalnız bütün etnik və dini qrupların hüquqlarını qoruyan inklüziv siyasi dialoq yolu ilə təmin oluna bilər.