BAKI, AzerVoice, Orxan Qədirzadə
ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeonun Qəzza ilə bağlı səsləndirdiyi açıqlamalar beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.
AzerVoice xəbər verir ki, Mayk Pompeo İsraildə təhlükəsizlik məsələlərinə həsr olunmuş brifinqdə çıxışı zamanı gələcək tarix dərsliklərində Qəzza qurbanları haqqında məlumatların yer almamasının “təmin edilməli” olduğunu bildirib. Onun sözlərinə görə, yeni nəsil zaman keçdikcə Qəzzada baş verənləri fərqli dəyərləndirəcək və tarixin “düzgün şəkildə” yazılması vacibdir.
Pompeo vurğulayıb ki, tarix kitabları hazırlanarkən Qəzza qurbanlarından bəhs edilməməlidir. O, bununla bağlı “əmin olunmalı” olduğunu xüsusi qeyd edib. Sabiq dövlət katibi çıxışının sonunda Fələstin-İsrail münaqişəsi ilə bağlı “düzgün mövqenin” uşaqlara və nəvələrə hər gün ciddi və düşünülmüş şəkildə izah edilməsinin vacibliyini bildirib.
Bu açıqlamalar Birləşmiş Millətlər Təşkilatının müstəqil beynəlxalq komissiyasının İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatları genosid kimi qiymətləndirməsindən sonra səsləndirilib. BMT ekspertlərinin ötən ilin sentyabrında dərc etdiyi hesabatda İsrailin Qəzzada dörd genosid aktı törətdiyi, ölkənin hərbi və siyasi rəhbərliyinin isə bu prosesə təhrik etdiyi bildirilib.
Qeyd olunur ki, Mayk Pompeo 2023-cü ilin noyabrında, İsrailin Qəzzaya qarşı oktyabr hücumlarından bir ay sonra, İsrail ordusunun zərbələrini açıq şəkildə dəstəkləyib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin oktyabrından etibarən İsrailin hərbi əməliyyatları nəticəsində 70 mindən çox fələstinli həlak olub, təxminən 170 min nəfər yaralanıb. Ölənlər arasında BMT-nin fələstinli qaçqınlara yardım agentliyinin əməkdaşları, tibb işçiləri və jurnalistlər də var.