BAKI,AzerVoice, Fərid Mikayılov
İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei ölkədə davam edən etiraz aksiyalarına münasibət bildirərək ABŞ Prezidenti Donald Trampın açıqlamalarını sərt şəkildə tənqid edib.
AzerVoice xəbər verir ki, 86 yaşlı İran lideri çıxışında bildirib ki, Vaşinqton Tehran üzərində təzyiq dili ilə danışmamalıdır və ABŞ rəhbərliyi əvvəlcə öz daxili problemlərinə fokuslanmalıdır.
“Tramp öz ölkəsindəki ciddi problemlərlə məşğul olsun. İranın daxili işlərinə müdaxilə yolverilməzdir” - deyə Xamenei vurğulayıb.
O, qeyd edib ki, etirazlar fonunda ictimai asayişi pozan və dövlət əmlakına zərər vuran qruplar xarici dairələrin maraqlarına xidmət edir.
“Dövlət əmlakına zərər vuraraq Donald Trampı sevindirmək istəyən üsyançılar var. Biz ölkə daxilində fəaliyyət göstərən agentlərə və təxribatçı şəbəkələrə qarşı qətiyyətli olacağıq” – deyə o əlavə edib.
Qeyd edək ki, son həftələr İranda milli valyutanın kəskin dəyər itirməsi və iqtisadi çətinliklər fonunda etiraz aksiyaları davam edir. Rəsmi Tehran baş verənləri xarici müdaxilə cəhdləri ilə əlaqələndirir.
