BAKI,AzerVoice, Nailə Babazadə
Ərəb Liqasının baş katibinin sözçüsü Cəməl Rüşdi bildirib ki, Yəməndə Cənub məsələsinin həlli yalnız Yəmən daxilində dialoq yolu ilə mümkündür və separatçı yanaşmalar ciddi zərər verə bilər.
AzerVoice xəbər verir ki, Ərəb Liqasının baş katibinin sözçüsü Cəməl Rüşdi Yəməndə “Cənub məsələsi”nin yalnız yəmənlilər arasında aparılacaq dialoqla həll edilə biləcəyini açıqlayıb. O bildirib ki, bu məsələni “fakt qarşısında qoymaqla” həll etmək mümkün deyil.
Rüşdi əlavə edib ki, Ərəb Liqasının mövqeyi aydındır: legitim hökumətlərin dəstəklənməsi, Yəmənin vahidliyinin qorunması və ölkədə legitimliyi dəstəkləyən Ərəb koalisiyasının yanında olmaq.
O, Səudiyyə Ərəbistanının Prezident Liderlik Şurasının sədri Dr. Rəşad əl-Əliminin tələbi ilə keçiriləcək geniş konfransı alqışlayıb. “Səudiyyə Ərəbistanı Yəmən məsələsində ən vacib tərəflərdən biridir,” – deyə Rüşdi qeyd edib.
Cənub məsələsinin tarixi köklərə malik olduğunu vurğulayan sözçü bildirib ki, separatçı yanaşmalar yalnız bu məsələyə ziyan verər. Son günlər Ərəb koalisiyası şərqi Yəməndə, xüsusilə Hadramaut və əl-Məhra vilayətlərində de-eskalasiya tədbirləri həyata keçirərək legitim hakimiyyətin nəzarətini bərpa edib.
Rüşdi əlavə edib ki, Yəmən illərdir Husi çevrilişi səbəbindən əziyyət çəkir və yeni parçalanmalara yol vermək ölkənin böhranlarını daha da dərinləşdirə bilər.
