BAKI, AzerVoice, Nailə Babazadə
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Yəmənin cənubundakı siyasi və hərbi fraksiyaları “cənub məsələsinə ədalətli həll yollarını müzakirə etmək” məqsədilə Ər-Riyadda dialoqa dəvət edib.
AzerVoice xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilib ki, Səudiyyə Ərəbistanının paytaxtında keçiriləcək konfrans Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əliminin müraciəti əsasında təşkil olunur. Bəyanatda Krallıq bütün tərəfləri “cənub əhalisinin istək və gözləntilərini qarşılayacaq hərtərəfli baxışın formalaşdırılması” üçün danışıqlarda iştirak etməyə çağırıb.
Son vaxtlar separatçı Cənub Keçid Şurası (STC) Hadramaut və əl-Məhra vilayətlərində bir sıra ərazilərə nəzarəti ələ keçirib. Səudiyyə Ərəbistanı bu addımların Krallığın milli təhlükəsizliyinə və regional sabitliyə birbaşa təhdid yaratdığını bəyan edib.
Bundan əvvəl, Yəmən hökumətini dəstəkləyən hərbi koalisiya cənublu separatçı qüvvələr üçün nəzərdə tutulan silah və hərbi texnika daşınmasını hədəf alan hava zərbələri endirib. Məlumata görə, silah və texnika əl-Mukəlla limanına iki gəmi ilə gətirilib.
Səudiyyə Ərəbistanı cənub məsələsinin həllinin yeganə yolunun dialoqdan keçdiyini bir daha vurğulayıb.
Qeyd edək ki, Körfəz və ərəb ölkələri çərşənbə axşamı günü Yəməndə beynəlxalq səviyyədə tanınan hökumətə dəstək verdiklərini açıqlayıblar.
