BAKI, AzerVoice, Orxan Qədirzadə
Suriyanın Hələb şəhərində Suriya hökumət qüvvələri ilə YPG/PKK silahlı dəstələri arasında silahlı insident qeydə alınıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
AzerVoice-un məlumatına görə, YPG/PKK qruplaşması Hələb şəhərinin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində, eləcə də şəhər mərkəzi və ətraf yaşayış məntəqələrində artilleriya və minaatan atəşləri həyata keçirib. Hücumlar zamanı iki mülki şəxsin həlak olduğu, 13 mülki vətəndaşın yaralandığı açıqlanıb.
Yerli mənbələrin bildirdiyinə görə, silahlı qruplaşma Cəmiliyyə, Suryan, Cisr ər-Razi məhəllələrini, eləcə də Hələb ətrafındakı Səbğa qəsəbəsini hədəfə alıb. Atışmalar nəticəsində bəzi yaşayış evlərində yanğın baş verib.
Hələb Valiliyinin yaydığı məlumata əsasən, hücumlardan sonra bölgə sakinləri daha təhlükəsiz ərazilərə köçməyə başlayıb. Gərginliyin artması fonunda Suriya ordusunun Hələb şəhərində YPG/PKK ilə təmas xətlərinə əlavə hərbi texnika, o cümlədən tanklar göndərdiyi bildirilir.
Məlumata görə, YPG/PKK silahlı dəstələri axşam saatlarında Hələbin Şeyhan və Leramon bölgələri yaxınlığında Suriya ordusunun mövqelərinə də hücum edib. Bu insident zamanı bir hərbçi və iki mülki müdafiə əməkdaşı yaralanıb.
Daxili İşlər Nazirliyinin açıqlaması
Suriyanın Daxili İşlər Nazirliyi bildirib ki, Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində yerləşən YPG/PKK silahlı qrupları mövcud razılaşmalara baxmayaraq hökumət qüvvələrinin nəzarət-buraxılış məntəqələrinə atəş açıb. Açıqlamada daxili təhlükəsizlik qüvvələrindən və ordudan yaralananların olduğu, həmçinin mülki şəxslər və mülki müdafiə əməkdaşları arasında da xəsarət alanların qeydə alındığı vurğulanıb.
İnsidentdən sonra Hələb şəhər mərkəzində bir qrup sakin YPG/PKK silahlı dəstələrinin şəhərdən çıxarılması tələbi ilə etiraz aksiyası keçirib.