BAKI, AzerVoice, Orxan Qədirzadə
Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında Türkiyə Silahlı Qüvvələrinin Liviyadakı fəaliyyət müddətinin uzadılmasına dair Prezidentin təqdimatı qəbul edilib.
AzerVoice -un məlumatına görə, səsvermənin nəticələrinə əsasən, Türkiyə Silahlı Qüvvələrinin Liviyadakı missiyasının müddəti 2 yanvar 2026-cı il tarixindən etibarən daha 24 ay uzadılıb.
Qəbul edilən sənəddə Liviyada 2011-ci ildən bəri davam edən siyasi qeyri-sabitlik, təhlükəsizlik riskləri və mövcud vəziyyətin Türkiyənin Aralıq dənizindəki milli maraqlarına yaratdığı təhdidlərə diqqət çəkilib. Bildirilib ki, silahlı qarşıdurmalar demokratik institutların formalaşmasına mane olub və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə aparılan siyasi proseslər hələ də yekun nəticə verməyib.
Sənəddə 2019-cu ildə Liviyada Milli Razılıq Hökumətinə qarşı hücumlar zamanı Türkiyədən dəstək istənildiyi, göstərilən dəstək nəticəsində qarşıdurmaların dayandırıldığı və ölkənin genişmiqyaslı xaosdan xilas edildiyi vurğulanıb. Türkiyənin Liviyanın suverenliyi, ərazi bütövlüyü və siyasi birliyinə dəstəyini davam etdirdiyi qeyd olunub.
Liviyada seçkilərin hələ də keçirilməməsinin yaratdığı risklərə diqqət çəkilən sənəddə, mövcud siyasi qeyri-müəyyənliyin əldə olunmuş nisbi sabitliyi təhlükə altına sala biləcəyi bildirilib. Qarşıdurmaların yenidən alovlanmasının həm Liviyanın, həm də regionun təhlükəsizliyi üçün ciddi risk yaratdığı qeyd edilib.
Eyni zamanda, Türkiyə ilə Liviya arasında imzalanmış dəniz səlahiyyət zonalarının sərhədlərinin müəyyənləşdirilməsinə dair memorandumun əhəmiyyətinə toxunularaq, bölgədə sülh və sabitliyin Türkiyə üçün strateji əhəmiyyət daşıdığı vurğulanıb.
Qərara əsasən, Türkiyənin milli maraqlarına yönələn təhdidlərin qarşısının alınması, terror təşkilatları və qeyri-qanuni silahlı qruplarla mübarizə, humanitar yardımların çatdırılması məqsədilə Türkiyə Silahlı Qüvvələrinin zərurət yarandığı halda ölkə hüdudlarından kənarda fəaliyyət göstərməsinə icazə verilib.