BAKI, AzerVoice, Orxan Qədirzadə
İşğal altındakı İordan çayının qərb sahilində 4–11 dekabr tarixləri arasında 1 608 zeytun ağacı məhv edilib.
AzerVoice xəbər verir ki, bu barədə Fələstin Kənd Təsərrüfatı Nazirliyinin sosial şəbəkədə yaydığı hesabatda bildirilir.
Hesabata görə, sözügedən dövrdə fələstinli fermerlərə qarşı hücumların sayı əhəmiyyətli dərəcədə artıb. Bildirilir ki, İsrail hərbçiləri və məskunlaşanlar müxtəlif rayonlarda əkin sahələrinə zərər yetirib. Məhv edilən ağaclardan 477-si İordan çayının qərb sahilinin cənubunda yerləşən əl-Xəlil (Hebron) şəhərinin payına düşür.
Nazirliyin məlumatında qeyd olunur ki, hücumlar zamanı buldozerlərlə sahələr dağıdılıb, ağaclar kökündən çıxarılıb, suvarma şəbəkəsinin yüzlərlə metri sıradan çıxarılıb, kənd təsərrüfatı avadanlıqları oğurlanıb və zeytun yığım mövsümündə fermerlərin sahələrə çıxışı əngəllənib.
Eyni dövrdə İsrail ordusunun İordan çayının qərb sahilinin müxtəlif ərazilərində yüzlərlə çadırın sökülməsi barədə bildirişlər yaydığı, həmçinin onlarla hektar kənd təsərrüfatı torpağının müsadirə edildiyi vurğulanır.
Hesabatda hücumların əsasən kənd təsərrüfatı torpaqlarına və meyvə ağaclarına yönəldiyi, bunun isə getdikcə daha aqressiv məskunlaşma siyasətini əks etdirdiyi bildirilir. Dəymiş zərərin təxminən 1 milyon 335 min ABŞ dolları həcmində olduğu qeyd olunur.
Nazirlik xəbərdarlıq edir ki, davam edən pozuntular Fələstinin ərzaq təhlükəsizliyini təhdid edir və xüsusilə zeytun sektoruna məxsus torpaqların ələ keçirilməsinə yönəlib.