BAKI, AzerVoice, Orxan Qədirzadə
Pxenyanda Rusiya ərazisində minalardan təmizləmə tapşırığını yerinə yetirdikdən sonra geri qayıdan Şimali Koreya hərbçilərinin qarşılanma mərasimi keçirilib. Tədbirdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In şəxsən iştirak edib.
AzerVoice xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Kim Çen In avqust ayında Şimali Koreya hərbçilərini Rusiyanın Kursk vilayətinə minalardan təmizləmə işləri aparmaq üçün göndərib. Tapşırığın başa çatmasından sonra hərbçilərin şərəfinə Pxenyanda rəsmi mərasim təşkil olunub.
Çıxışı zamanı Kim Çen In missiya zamanı doqquz şimali koreyalı hərbçinin həlak olmasından dərin təəssüf hissi keçirdiyini, eyni zamanda digər hərbçilərin salamat şəkildə vətənə qayıtmasından məmnunluğunu ifadə edib.
Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCTA) yaydığı fotoşəkillərdə Kim Çen Inin yaralanmış əsgərləri, eləcə də həlak olan hərbçilərin ailə üzvlərini qucaqladığı əks olunub.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl Rusiya ilə KXDR arasında 2024-cü ilin iyununda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin 2024-cü ilin dekabrında qüvvəyə mindiyini açıqlayıb.
Rəsmi Moskvanın bəyanatında qeyd olunub ki, sazişin qüvvəyə minməsi ikitərəfli əməkdaşlığın yeni strateji səviyyədə inkişafına, həmçinin Şimal-Şərqi Asiya və Asiya–Sakit okean regionunda bölünməz təhlükəsizlik sisteminin möhkəmlənməsinə töhfə verəcək.
Bununla yanaşı, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) daha əvvəl Rusiya–Ukrayna münaqişəsi zonasına göndərildiyi iddia edilən təxminən iki min şimali koreyalı hərbçinin həlak ola biləcəyi barədə açıqlama verib.