BAKI,AzerVoice
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ərəb milli lideri İzzəddin əl-Qəssamın İsrail ərazisində yerləşən məzarını dağıtmaqla hədələyib. Qeyd edək ki, HƏMAS hərəkatının hərbi qanadı onun adını daşıyır. Təxribat xarakterli açıqlamaları ilə tanınan Ben-Qvir “Telegram” hesabında video paylaşaraq təhlükəsizlik qüvvələri və əl-Qəssamın məzarı yaxınlığında namaz qılmaq üçün qurulmuş çadırı sökən kranla birlikdə görüntülənib. İzzəddin əl-Qəssam Suriyada anadan olub.
1935-ci ildə silahlı toqquşma zamanı öldürülən əl-Qəssam 1948-ci ildə İsrail dövlətinin yaradılmasından əvvəl, Britaniya mandatı dövründə Fələstində britaniyalılara və sionizmə qarşı mübarizə aparıb.
Əl-Qəssamın məzarı bu gün İsrailin şimalında, Hayfa sahil şəhəri yaxınlığında yerləşən, hazırda Nişer adlanan qəsəbədədir. Sözügedən məzar son illər ərzində dəfələrlə vandalizmə məruz qalıb.
Ben-Qvir “X” (keçmiş Twitter) platformasındakı hesabında yazıb: “Nişerdə böyük terrorçu İzzəddin əl-Qəssamın məzarı aradan qaldırılmalıdır. Bu istiqamətdə ilk addımı dünən sübh tezdən atdıq”.
Nazir ötən ilin avqust ayında parlamentdə aparılan müzakirə zamanı da məzarın dağıdılmasına çağırış etmişdi.
Sağ yönlü “İsrael Hayom” qəzeti yazır ki, təhlükəsizlik qüvvələri məzar ətrafında quraşdırılmış müşahidə kameralarını söküb və ərazini qoruyan şəxsi uzaqlaşdırıb.
“Agence France-Presse”in sorğusuna cavab olaraq İsrail polisi cümə axşamı baş verən hadisədə iştirak etmədiklərini bildirib və məsələ ilə bağlı sorğunu məzarlıqlara cavabdeh quruma yönləndirib.
Hadisəyə ilk fələstinli reaksiya HƏMAS hərəkatından gəlib. Hərəkat yaydığı bəyanatda İsrailin milli təhlükəsizlik nazirinin addımını “müqəddəsliklərə qarşı misli görünməmiş təcavüz, müqəddəs dəyərlərin pozulması və ölülərin məzarlarının tapdanması” kimi qiymətləndirib.
HƏMAS rəhbərlərindən Mahmud Mərdəvi isə baş verənlərin “sadəcə bir məzara hücum deyil, bir xalqın yaddaşını silmək və davam edən mübarizəmizin simvollarından birini yox etmək cəhdi” olduğunu bildirib.
O əlavə edib ki, “ifratçılıq artıq açıq şəkildə rəsmi dövlət siyasətinə çevrilib və bu vəhşiliyin qarşısının alınması üçün beynəlxalq mövqe tələb olunur”.