BAKI,AzerVoice, Nailə Babazadə
Bu gün, radio rabitəsi tarixində mühüm hadisənin ildönümüdür. Məhz bu gün -1901-ci ilin 12 dekabrında - italyan fiziki və radio pioneri Quilyelmo Markoni Atlantik okeanı üzərindən ilk radio siqnalını göndərərək dünya elmini heyrətləndirmişdi.
Elm adamlarının Yer kürəsinin əyriliyi səbəbilə radio siqnallarının 200 mildən artıq yayıla bilməyəcəyini iddia etməsinə baxmayaraq, Markoni Mors kodu ilə “S” siqnalını İngiltərənin Kornuol qraflığındakı Poldhu stansiyasından Kanadanın Nyufaundlend sahillərinə çatdırmağı bacardı. Siqnal 2 000 mildən çox məsafə qət etdi və radio rabitəsi tarixini dəyişdi.
1874-cü ildə Bolonyada doğulan Markoni alman fiziki Haynrix Hersin təcrübələrindən təsirlənərək radio dalğalarının ötürülməsini araşdırmağa başlamışdı. 1894-cü ildən etibarən apardığı sınaqlar nəticəsində o, əvvəlcə 1,5 mil, daha sonra isə 10 mildən çox məsafəyə siqnal ötürməyi bacardı. 1896-cı ildə İngiltərəyə gedərək simsiz teleqraf şirkətini qurdu və 1899-cu ildə La-Manş boğazı üzərindən ilk radio ötürməsini həyata keçirdi.
Markoninin 12 dekabr 1901-ci ildə əldə etdiyi transatlantik uğur ona qlobal şöhrət qazandırdı. Maraqlıdır ki, o dövrdə tənqidçilər radio dalğalarının Yer kürəsinin əyriliyini izləməyəcəyini deyərkən qismən haqlı idilər. Siqnal əslində kosmosa doğru yönəlmiş və ionosferdən əks olunaraq Kanadaya çatmışdı. Bu hadisə radio dalğalarının davranışı barədə elm dünyasına yeni biliklər qazandırdı.
Markoni 1909-cu ildə alman mühəndis Ferdinand Braun ilə birlikdə fizika üzrə Nobel mükafatı aldı. O, daha sonra İngiltərə ilə Avstraliya arasında radio rabitəsini təmin edən ilk ötürmələrdən tutmuş, qısa və güclü radio dalğaları üzərində araşdırmalara qədər bir çox yeniliyə imza atdı.
1937-ci ildə vəfat edən Markoninin xatirəsinə hörmət olaraq BBC bütün radiostansiyalarında iki dəqiqəlik sükut elan etmişdi.
