BAKI, AzerVoice, Nailə Babazadə
Birləşmiş Millətlər Təşkilatının İnsanitar İşlər Koordinasiya Ofisinin (UNOCHA) sözçüsü Jens Laerke bildirib ki, İsrail ilə HƏMAS arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin məhdudiyyətləri səbəbindən Qəzzaya kifayət qədər humanitar yardım çatdırılmayıb.
AzerVoice xəbər verir ki, Laerke, təxminən iki aydır davam edən atəşkəs prosesinin humanitar yardımlara təsirini şərh edərkən deyib ki, humanitar yardım səviyyəsi hələ də istənilən səviyyədə deyil. O, 10 oktyabrdan bəri humanitar yardımlarda artım olduğunu, lakin hədəflərin hələ də tamamlanmadığını qeyd edib.
Sözçü əlavə edib ki, bu müddət ərzində Qəzza Zolağına 67 min ton ərzaq çatdırılıb və gündə 1,5 milyon isti yemək paylanıb. Bundan başqa, Qəzzaya su və sanitariya təminatı, sığınacaq materialları və tibbi ehtiyaclar da göndərilib.
“Laerke vurğulayıb ki, hələ də bir çox beynəlxalq qeyri-hökumət təşkilatının (QHT) fəaliyyət göstərməsinə icazə verilmir və bu təşkilatlar İsrail rəsmilərindən icazə ala bilmir. Onların sahədə bizimlə birlikdə olması əməliyyatlarımız üçün çox vacibdir,” – deyə o bildirib.
Atəşkəs razılaşmasına əsasən Qəzzaya hər gün çatmalı olan 600 humanitar yük maşını hədəfinə hələ çatılmadığı da bildirilib. Laerke həmçinin deyib ki, yardımın miqdarından çox, onun növü də önəmlidir. Xüsusilə Qəzza Zolağında yağıntıların çox olduğu bu günlərdə çadırlara böyük ehtiyac var. Küləkli və yağışlı qış şəraitində mövcud çadırlar su altında qala bilər və bu, real ehtiyacları qarşılamır. Laerke İsrail rəsmilərinə çadırlara qoyulan bütün məhdudiyyətləri götürməyi və onların bölgəyə çatdırılmasını təmin etməyi tələb edib.
UNOCHA sözçüsü atəşkəsin silahların susması və bombaların düşməməsi demək olduğunu, lakin hələ də bombaların düşdüyünü və atəşlərin davam etdiyini bildirib: “Hələ də tam müharibə şəraitindəyik və bu hücumlar yardımın çatdırılmasını çətinləşdirir. Hərəkət etmək üçün İsrail rəsmilərindən icazə almaq lazımdır. Biz atəşkəsin davam etməsini və qarşıdurmanın sona çatmasını istəyirik.”
Laerke həmçinin humanitar yardım işçilərinin bəzən hədəf alındığını qeyd edərək, onların qorunmasının vacibliyini vurğulayıb. O əlavə edib ki, konflikt boyunca İsrail rəsmiləri ilə sıx əlaqədə olublar və yardımların çatdırılması üçün arxa planda işlər davam etdirilir.
UNOCHA sözçüsü beynəlxalq ictimaiyyətə çağırış edərək deyib: “Birləşmiş Millətlər Təşkilatı və üzv dövlətlərdən atəşkəsi tam dəstəkləmələrini, qarşıdurmaları dayandırmaq, yardımların çatmasına icazə vermək və sərhədləri açmaq üçün məsul şəxslərə təzyiq göstərmələrini gözləyirik.”