BAKI, AzerVoice, Nailə Babazadə
BMT-nin İnkişaf Proqramının (UNDP) Fələstindəki xüsusi nümayəndəsi Jako Silliers bildirib ki, Qəzzada yenidənqurma işlərinin maliyyə dəyərini müəyyənləşdirmək üçün BMT, Avropa İttifaqı (Aİ) və Dünya Bankı tərəfindən birgə həyata keçirilən IRDNA (Müvəqqəti Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi) təxminən 70 milyard dollara ehtiyac duyulduğunu proqnozlaşdırıb.
AzerVoice xəbər verir ki, Silliers bu barədə BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransına onlayn qoşularaq danışıb.
Qəzzada “şokedici dağıntıların” baş verdiyini bildirən Silliers, bütün bu dağıntılara baxmayaraq, qəzzalıların dözümlülüyünün inanılmaz, bölgəni yenidən qurmaq əzminin isə çox yüksək olduğunu vurğulayıb.
O, BMT İnkişaf Proqramı olaraq bütün tərəfləri Qəzzada əldə olunan atəşkəsə hörmətlə yanaşmağa çağırıb və bunun uzunmüddətli sabitlik və bərpa üçün vacibliyini qeyd edib.
Silliersin sözlərinə görə, UNDP bu günədək 81 min ton dağıntı materialını ərazidən təmizləyib ki, bu da təxminən 3 min 100 yük maşını dolusu tullantıya bərabərdir.
“Dağıntıların böyük hissəsi hazırda humanitar yardım təşkilatlarının bölgəyə girişini təmin etmək məqsədilə təmizlənir. Bu, Qəzzə əhalisinə çox ehtiyac duyulan yardım və dəstəyin çatdırılmasına imkan verir. Həmçinin xəstəxanalar və sosial xidmət obyektlərinin bərpasına da yardım edirik,” – deyə o bildirib.
“Qəzzanın bərpası üçün 3 ildə 20 milyard dollara ehtiyac olacaq”
Silliers əlavə edib ki, IRDNA qiymətləndirməsinə əsasən, Qəzzanın tam bərpası üçün ümumilikdə 70 milyard dollar, yaxın üç il ərzində isə təxminən 20 milyard dollar tələb olunacaq.
“Qəzzada yenidənqurma və erkən bərpa işlərinin aparılması üçün vacib resurslara çıxış təmin edilməlidir. Bu, həm də zərərin aradan qaldırılması və infrastrukturun bərpası üçün zəruri olan ağır texnikanı əhatə edir,” – deyə o vurğulayıb.
Silliers qeyd edib ki, Qəzzanın bərpasında donor fondları ilə yanaşı, özəl sektorun da iştirak etməsi vacibdir və bu sektorun maliyyələşdirmənin təxminən 50 faizini təmin edə biləcəyini bildirib.
Onun sözlərinə görə, hazırda Qəzzada təmizlənməni gözləyən dağıntıların həcmi 55 milyon ton civarındadır və bu rəqəm artmaqda davam edir.
Silliers sonda vurğulayıb ki, UNDP Qəzzada qalmaqda, fəaliyyət göstərməkdə və xidmət göstərməkdə davam edir.
“Qarşımızda uzun bir yol var, lakin BMT tərəfdaşlarının, eləcə də beynəlxalq və yerli təşkilatların dəstəyi ilə bərpa işlərinin mümkün qədər tez başlanacağına ümid edirik.” - deyə qeyd edib.