BAKI, AzerVoice, Orxan Qədirzadə
Bakıda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda təhsil sahəsinin maliyyələşdirilməsi və bu sektor üzrə yeni investisiya imkanları müzakirə edilib.
AzerVoice xəbər verir ki, Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqları çərçivəsində “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci dialoq keçirilib.
Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva təhsilin həm fundamental məqsəd olduğunu, həmçinin bütün Dayanıqlı İnkişaf Məqsədləri üzrə tərəqqinin əldə edilməsi üçün güclü hərəkətverici vasitə olduğunu vurğulayıb. “Azərbaycan 2030 Milli Prioritetləri”nə uyğun olaraq rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, innovasiyaların stimullaşdırılması və inklüziv inkişaf üçün keyfiyyətli təhsilin rolu qeyd edilib. Qurum rəsmisi BMT-nin nəzərdə tutulan Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi (2026-2030) üzrə Azərbaycan hökumətinə DİM-lərə nail olmaqda dəstəyini ifadə edib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycan Hökumətinin BMT-nin qlobal təşəbbüslərində fəal iştirak etdiyini, birgə layihələr həyata keçirildiyini qeyd edib. Bildirilib ki, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, qeyri-neft-qaz sənayesinin inkişafı, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın müasir inkişaf strategiyasının əsasını təşkil edir. Ölkəmiz təhsil, insan kapitalının inkişafı, rəqəmsal savadlılığın və innovativ bacarıqların artırılmasına önəm verir. Azərbaycanda qurulan sənaye parkları yüksək ixtisaslı mütəxəssislərin, xüsusilə də qeyri-neft sənayesi üzrə kadrların cəlb olunması üçün xüsusi institutlar kimi çıxış edir. Sumqayıt Sənaye Parkının tərkibində fəaliyyət göstərən Peşə Təhsil Məktəbində ölkəmizdə fəaliyyət göstərən müəssisələr üçün sənaye və digər ixtisaslar üzrə kadrlar hazırlanır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT ilə birgə əməkdaşlıq çərçivəsində DİM məqsədləri üzrə görülmüş işlərin əhəmiyyətini vurğulayıb. Ölkəmizdə təhsil sahəsində infrastrukturun yenilənməsi və rəqəmsallaşmanın regionlararası bərabərliyin təmin edilməsinə, gender fərqlərinin azaldılmasına şərait yaratdığı bildirilib. Komitə sədri rəhbərlik etdiyi qurumun təhsilin bərabərlik və sosial ədalət baxımından yaratdığı imkanları artırmaq məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verib.
Elm və təhsil nazirinin müavini İdris İsayev təhsilin keyfiyyətinin artırılması, təhsilə əlçatanlığın təmin edilməsi, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırılması ilə bağlı həyata keçirilən dövlət proqramları, konsepsiyalar və strategiyalar barədə məlumat verib, dövlət tərəfindən təhsilə davamlı sərmayə qoyuluşunun ölkənin gələcək inkişafını təmin edən əsas amillərdən olduğu diqqətə çatdırılıb.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin iqtisadçısı Hurşid Rüstəmov “Azərbaycanda təhsil sektorunda öyrənmə nəticələrinin, fərqliliklərin və maliyyələşmənin təhlili” adlı hesabatın nəticələrinə dair təqdimatla çıxış edib.
Tədbir “Azərbaycanın Dayanıqlı İnkişafı üçün Təhsilə İnvestisiya” adlı panel sessiya ilə işini davam etdirib. İqtisadiyyat nazirinin müşaviri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynovun moderatorluğu ilə keçirilən sessiyada təhsilə yatırılan investisiyaların keyfiyyətli insan kapitalının formalaşdırılmasında rolu, əmək bazarının kadr ehtiyaclarının qarşılanmasında təhsil sisteminin əhəmiyyəti, eləcə də dayanıqlı iqtisadi inkişafın təmin olunması və iqtisadi artımın sürətləndirilməsində innovativ nou-hauların tətbiqinin vacibliyi müzakirə edilib. Panel sessiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Ofisinin rəhbəri Kanako Mabuçi, “Gender Hub Azerbaijan” layihəsinin həmtəsisçisi Məryəm Məcidova mövzu ətrafında fikirlərini bölüşüblər.
Tədbirdə ötən dialoqlarda müzakirə olunan əsas mövzuların xülasəsinin yer aldığı DİM Dialoq Jurnalı təqdim edilib.