BAKI, AzerVoice
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin iqamətgahı qarşısına toplaşan bir qrup Qəzzada aclığa son qoymaq üçün nümayiş təşkil edib.
AzerVoice xəbər verir ki, “Shut it Down for Palestine” adlı fəal qrupun üzvləri BMT baş katibi Antonio Quterreşin Nyu-York şəhərində yerləşən rəsmi iqamətgahı qarşısında aksiya keçiriblər.
Etirazçılar BMT-ni Qəzzaya təcili, maneəsiz və kifayət qədər humanitar yardımın çatdırılması üçün konkret addımlar atmağa çağırıblar. Aksiya iştirakçıları "Aclığı dayandırın", "Quterreş: Səssizlik cinayətə ortaq olmaqdır" və "Qəzzaya həyat dəhlizi" yazılmış plakatlar qaldıraraq, BMT-nin İsrailə qarşı daha qətiyyətli və hüquqi nəticələrə gətirən qərarlar verməli olduğunu bildiriblər.
Qrup adından verilən açıqlamada qeyd olunub ki, “BMT-nin əsas vəzifəsi mülki insanları qorumaqdır. Quterreşin Qəzzada yaşanan aclığın qarşısını almaq üçün səlahiyyətlərindən istifadə etməməsi qəbuledilməzdir.”
Polis aksiyanın keçirildiyi ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görsə də, tədbir insidentsiz başa çatıb.
Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü il tarixində başlayan hücumundan bu yana Qəzzada aclıqdan ölənlərin ümumi sayı 101-ə çatıb. Bu insanların 80-nin uşaq olduğu bildirilir. Səhiyyə mənbələri hər yaşdan yüzlərlə insanın ağır qida çatışmazlığı olan xəstəxanalara müraciət etdiyini və 17.000 uşağın kritik aclıqla mübarizə apardığını açıqladı.
Birləşmiş Millətlər Təşkilatının UNRWA agentliyinin verdiyi açıqlamaya görə, Qəzzada ərzaq qiymətləri 40 dəfə artıb.
Açıqlamada, "Qəzzanın bir qədər kənarında üç aylıq ərzaq ehtiyatı var, lakin blokada bu yardımın bizə çatmasına mane olur"- deyə qeyd olunub.
Bildirilir ki, Qəzzada aclıqdan əlavə, temperaturun 40 dərəcəyə çatması, elektrik enerjisinin kəsilməsi və gigiyena qaydalarına riayət edilməməsi mülki əhalinin həyatını daha da çətinləşdirir.
Qeyd edək ki, Böyük Britaniya, Fransa, Kanada, Yaponiya və İsveçrə də daxil olmaqla 27 ölkə İsrailin Qəzzada dinc əhaliyə qarşı hücumlarını pisləyən bəyanat yayıb. Bəyanatda “Qəzzada müharibə artıq bitməlidir” ifadəsi işlədilib. İsrail Xarici İşlər Nazirliyi bəyanatı "reallıqdan uzaq" kimi qiymətləndirib.