Əsas səhifə » PKK-nın Suriya qolu silahları təhvil verməyəcək

PKK-nın Suriya qolu silahları təhvil verməyəcək

BAKI,AzerVoice

Suriyada zorakılıq hallarının artması fonunda ABŞ və beynəlxalq koalisiya tərəfindən dəstəklənən “Suriya Demokratik Qüvvələri” (SDQ/PPK-nın Suriya qolu ), silahlarını təhvil verməyə razı olmadıqlarını bəyan edib.

AzerVoice xəbər verir ki, SDQ-nin rəsmi sözçüsü Əbcar Davud “Şərq əl-Əvsat” qəzetinə verdiyi açıqlamada, SDQ-nin Suriya ordusuna birləşdirilməsi üçün 30 günlük vaxt müəyyən edilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Davud bildirib ki, “Suriyada gərginliyin davam etdiyi, zorakılığın artdığı və İŞİD-in təhlükəsinin yenidən gücləndiyi bir şəraitdə SDQ-nin silahlarını təhvil verməsi mümkün deyil.”

Onun sözlərinə görə, SDQ ilk gündən etibarən yeni Suriya dövlətinin institutlarına inteqrasiya olunmağa hazır olduğunu bəyan edib.

“Biz, Suriya ordusuna konstitusion və hüquqi əsaslarla – qüvvələrimizin özəlliyini tanıyan bir razılaşma ilə – qatılmağa hazırıq. Qüvvələrimiz birgə hərbi struktur kimi öz nəzarət etdiyimiz bölgələrdə orduya inteqrasiya oluna bilər.”-deyə o bildirib.

Əbcar Davud, SDQ baş komandanı Mazlum Əbdinin ABŞ-ın Suriyadakı səfiri Tomas Barrakla keçirdiyi son görüşü “müsbət” kimi qiymətləndirib. O, yaxın zamanda Suriya hökuməti ilə də danışıqların davam etdiriləcəyini, problemli məqamların müzakirə ediləcəyini bildirib.

Qeyd edək ki, İlk görüş bu ayın 9-da Dəməşqdəki Tişrin sarayında baş tutub. Orada Suriya müdafiə, daxili işlər, xarici işlər nazirləri və ümumi kəşfiyyat rəhbəri, eləcə də Fransanın Suriya üzrə xüsusi nümayəndəsi Jan Fransua Giyom və beynəlxalq koalisiyanın hərbi rəhbərləri iştirak edib.

Əbcar Davud əlavə edib ki, SDQ keçmiş rejimin süqutundan bəri Suriya hökuməti ilə yüksək səviyyədə koordinasiyanı davam etdirir və son aylarda heç bir hərbi tərəflə toqquşma yaşamayıb. “Heç bir tərəflə müharibə istəmirik, amma olduğumuz hər yerdə xalqımızı qorumağa davam edəcəyik”, – deyə o vurğulayıb.

Digər tərəfdən, yerli mənbələrin verdiyi məlumata görə, bu həftə SDQ-yə aid ağır texnika və silahlarla təchiz olunmuş hərbi birləşmələr Rəqqa, Həsəkə və Qamışlı şəhərlərində güc nümayiş etdirib, intensiv patrullar həyata keçirib, yeni yoxlama məntəqələri qurub və əsas yollar boyunca mövqelərini gücləndirib. Bu addımlar bölgədə qarşıdurmaların genişlənəcəyi ehtimalına dair narahatlıqları artırıb, xüsusilə də Suveyda bədəvi tayfalarının münaqişəyə qatılması fonunda.

Hazırda SDQ Həsəkə vilayətinin tamına, Rəqqa və Təbbə şəhərlərinə, Deyr əz-Zorun şimal və şərq rayonlarına, eləcə də Ayn əl-Ərəb (Kobani) şəhərinə nəzarət edir. Ötən ilin sonunda əvvəlki rejimin süqutundan sonra SDQ nəzarətini daha da genişləndirərək Hələb vilayətinin şərqində yerləşən Deyr Hafir, Məskənə və Rəqqə ətrafındakı Mənsura qəsəbəsi ilə Fərat çayının cənub sahilindəki kənd və əraziləri də nəzarətə götürüb. Bu bölgələrin ümumi sahəsi Suriya ərazisinin təxminən üçdə birini təşkil edir.

Digər Kateqoriyalar

2025 © Azervoice