Əsas səhifə » İranla qonşu ölkələrdə heç bir radiasiya təsiri qeydə alınmayıb - Qrossi

İranla qonşu ölkələrdə heç bir radiasiya təsiri qeydə alınmayıb - Qrossi

BAKI, AzerVoice

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail və ABŞ silahlı qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində İranla qonşu ölkələrdə heç bir radiasiya təsirinin qeydə alınmadığını bildirib.

AzerVoice xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Rafael Qrossi məlumat verib.

“Əldə olan məlumatlara əsaslanaraq BAEA əminliklə bildirə bilər ki, [zərbələr nəticəsində] qonşu ölkələrdə əhali və ətraf mühitə heç bir radiasiya təsiri qeydə alınmayıb. Bu, nüvə təhlükəsizliyi baxımından xüsusilə vacibdir. İranın tədqiqat və enerji reaktorları zərbə obyektlərinə çevrilməyib” – deyə, Qrossi bildirib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən, İsrail və İran tam atəşkəsə razılıq veriblər. İsrail hakimiyyəti ABŞ-ın təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice