Əsas səhifə » İranın hücumundan sonra Körfəz ölkələri Dohada toplanır

İranın hücumundan sonra Körfəz ölkələri Dohada toplanır

BAKI, AzerVoice

Fars Körfəzi Əməkdaşlıq Şurasının Nazirlər Şurası fövqəladə iclas keçirir- Qətərə raket hücumuna qarşı həmrəylik mesajı verilir.

AzerVoice xəbər verir ki, Fars Körfəzi Əməkdaşlıq Şurasının Nazirlər Şurası bu gün Dohada fövqəladə iclas keçirir. Toplantıya səbəb İranın Qətərdə yerləşən “əl-Udeyd” hərbi bazasına raket hücumu olub.

Baş katib Casim Məhəmməd əl-Budeyvi bildirib ki, fövqəladə toplantı Şuranın 49-cu iclası çərçivəsində baş tutacaq və iclasa Küveytin xarici işlər naziri Abdullah Əli əl-Yəhya sədrlik edəcək. İclasda bütün körfəz ölkələrinin xarici işlər nazirləri iştirak edəcək.

Əl-Budeyvi bildirib ki, iclas İranın raket hücumunun nəticələrinə həsr olunacaq və bu kontekstdə Qətərlə tam həmrəylik nümayiş etdiriləcək. “Qətərin təhlükəsizliyi və sabitliyi, körfəz ölkələrinin ümumi təhlükəsizliyinin ayrılmaz hissəsidir,” – deyə baş katib vurğulayıb.

Bundan əlavə, Əl-Budeyvi BƏƏ-nin paytaxtı Əbu-Dabidə Avropa Parlamentinin sədri Robertha Metsola ilə görüş keçirib. Görüş zamanı Fars Körfəzi regionundakı son hadisələr, Avropa İttifaqı ilə Körfəz ölkələri arasında parlament əməkdaşlığının gücləndirilməsi və ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, İranın “əl-Udeyd” hərbi bazasına raket hücumu bölgədə gərginliyi artırıb. Hücumdan sonra körfəz ölkələri Qətərlə həmrəylik nümayiş etdirmək və regionda sabitliyi qorumaq məqsədilə təcili tədbirlər görmək qərarına gəlib.

Digər Kateqoriyalar

2025 © Azervoice