BAKI, AzerVoice
Ötən ilin avqust ayından etibarən Qırmızı dənizdə dəniz nəqliyyatı Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının hava hücumlarının yavaşlaması və ABŞ-la əldə olunan atəşkəs razılaşmasından sonra 60 faiz artıb.
AzerVoice xəbər verir ki, bu barədə Avropa İttifaqının “Aspides” adlı dəniz missiyasının komandanı admiral Vasileios Qribaris "Reuters" agentliyinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, husiləri hava hücumlarının azalması nəticəsində Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərinin sayı gündə təxminən 36-37 gəmi olub. Lakin bu göstərici husilərin hücumlara başlamasından əvvəlki dövrlə müqayisədə hələ də aşağıdır. Həmin vaxt bu göstərici gündə 72-75 gəmi arasında idi. Keçən ilin avqust ayında bu göstərici ən aşağı səviyyədə – gündəlik 20-23 gəmi olub.
Məlumat üçün bildirək ki, “Aspides” missiyası Aralıq dənizi ilə Fars körfəzi və Asiyanı Süveyş kanalı vasitəsilə birləşdirən strateji ticarət yolunda gəmilərin təhlükəsizliyini qorumaq üçün yaradılıb. Fevral ayında missiyanın səlahiyyət müddəti uzadılıb və ona qeyri-qanuni silah daşımalarını izləmək, sanksiyalara məruz qalmış Rusiya neftini daşıyan gəmiləri nəzarətdə saxlamaq vəzifəsi də həvalə olunub.