BAKI, AzerVoice
"Baykar" və "Leonardo" şirkətləri tərəfindən insansız texnologiyaların inkişafı üçün birgə müəssisə qurulub.
AzerVoice xəbər verir ki, bu barədə məlumat iki şirkətin "Paris Air Show" sərgisində verdiyi birgə açıqlamada yer alıb.
Bildirilir ki, yeni müəssisə “LBA Systems” adlandırılıb. Bu müəssisədə tərəflər bərabər paya sahib olacaq. Şirkətin hüquqi və əməliyyat mərkəzi İtaliyada yerləşəcək. "Baykar" və "Leonardo"nun sənaye gücünü birləşdirən bu müəssisə, insansız hava sistemlərinin layihələndirilməsi, inkişafı, istehsalı və texniki xidmətinə fokuslanacaq.
"Baykar" şirkətinin rəhbəri Selçuk Bayraktar bildirib ki, şirkət
aerokosmik sahənin gələcəyinin cəsarətli ideyalar və innovasiyalar
üzərində qurulduğuna inanır. O qeyd edib ki, dünyanın aparıcı
pilotsuz uçuş aparatı (PUA) istehsalçısı və ixracatçısı olaraq, bu
ortaq müəssisə yalnız bir əməkdaşlıq deyil, gələcəyi
formalaşdıracaq mühüm bir addımdır.
Bayraktar əlavə edib ki, bu əməkdaşlıq süni intellektlə
dəstəklənən, əxlaqi prinsiplərə əsaslanan və qarşılıqlı işləkliyi
təmin edən yeni nəsil insansız sistemlərin yaradılmasına xidmət
edəcək.
"Leonardo" şirkətinin baş direktoru Roberto Çinqolani isə bildirib ki, bu ortaq müəssisə insansız texnologiyalar sahəsində qlobal təsirə malik olacaq. Onun sözlərinə görə, müdafiə sənayesindəki mürəkkəb çağırışlara qarşı texnoloji əməkdaşlıq güclü vasitədir və bu birlik təkcə Avropada deyil, qlobal miqyasda da yeni imkanlar yaradacaq.
İş bölgüsünə əsasən, "Baykar" inkişaf etmiş insansız platformaların dizaynı və inkişafı ilə məşğul olacaq. "Leonardo" isə qabaqcıl elektron sistemlər, faydalı yüklər, insanlı-insansız sistem inteqrasiyası (MUM-T) və sürü bacarıqları üzərində işləyəcək, həmçinin sertifikatlaşdırma fəaliyyətlərini icra edəcək.
Layihə çərçivəsində, tərəflər Avropa və beynəlxalq bazarlardakı imkanları birlikdə qiymətləndirməyi, gələcək əməkdaşlıq sahələrini araşdırmağı hədəfləyir. Bu potensial sahələr kommersiya tərəfdaşlıqlarından tutmuş rəqəmsal ekosistemlərdə inkişaf etdiriləcək ortaq layihələrə qədər geniş spektri əhatə edir.
İtaliyada layihəyə cəlb olunan Leonardo müəssisələri arasında "Ronchi dei Legionari"də yerləşən insansız sistemlər üzrə mərkəz, Turin şəhərində mühəndislik və sertifikatlaşdırma sahələri, Romada çoxölçülü texnologiyaların inkişafı və Qrottaqlidə qabaqcıl kompozit materialların istehsalı üzrə bölmələr var.








