BAKI,AzerVoice
Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin
Salman beynəlxalq ictimaiyyəti Fələstində baş verən İsrail
təcavüzünün fəlakətli nəticələrinə son qoymağa çağırıb. AzerVoice
xəbər verir ki, o, bu çağırışı Qurban bayramı münasibətilə Mina
sarayında keçirilən illik qəbul mərasimində edib.
Vəliəhd qeyd edib ki, bu il Qurban bayramı Fələstin xalqının
İsrailin davam edən təcavüzü nəticəsində əzab çəkdiyi bir dövrə
təsadüf edir. O, beynəlxalq hüququn qərarlarına uyğun olaraq
Fələstində sülhün bərqərar olunmasının vacibliyini vurğulayıb.
"Krallıq zəvvarlara xidmətə hər zaman
hazırdır"
Məhəmməd bin Salman Hərəmeyni-Şərifeynə xidmətin Səudiyyə
Ərəbistanı üçün şərəf olduğunu bildirərək, zəvvarların rahatlığı
üçün bütün imkanların səfərbər edildiyini və bu istiqamətdə
Krallığın məsuliyyətini dərk etdiyini deyib.
Qüds rəsmisindən Səudiyyəyə təşəkkür
Qüds və Fələstin diyarları baş katibi şeyx Məhəmməd Hüseyn isə
İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edərək, Səudiyyənin
müsəlmanların birliyini qorumağa və Fələstin məsələsində göstərdiyi
tarixi dəstəyə görə minnətdarlığını bildirib. O, Krallığın
Qəzzadakı "soyqırımı dayandırmaq və Fələstin dövlətinin tanınması
üçün beynəlxalq dəstək toplamaq istiqamətindəki səylərini" yüksək
qiymətləndirib.
Suriyadan minnətdarlıq mesajı
Suriyanın vəqflər naziri şeyx Məhəmməd Əbu əl-Xeyr Şükri isə
Səudiyyə rəhbərliyinə zəvvarlara göstərilən xidmətlərə görə
təşəkkür edib və Krallığın 2030 vizyonunun zəvvar xidmətlərinə
müsbət təsir etdiyini vurğulayıb. O, həmçinin zəvvarların
təhlükəsizliyinin təmin olunmasında yüksək texnologiyaların və
qabaqcadan planlaşdırmanın rolunu qeyd edib.
İkitərəfli əlaqələr müzakirə edilib
Eyni zamanda şənbə günü Mina sarayında vəliəhd Məhəmməd bin Salman
Mavritaniya prezidenti Məhəmməd uld Şeyx əl-Ğəzuani və Maldivlər
prezidenti Məhəmməd Müizz ilə görüşərək bayram təbriklərini
mübadilə edib, eləcə də ikitərəfli əlaqələr və əməkdaşlıq
imkanlarını müzakirə edib.