Əsas səhifə » İstanbulda Rusiya-Ukrayna Sülh Zirvəsi başladı

İstanbulda Rusiya-Ukrayna Sülh Zirvəsi başladı

BAKI, AzerVoice

Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə təşkil olunan Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü İstanbulda Çırağan Sarayında start götürüb.

AzerVoice xəbər verir ki, görüşə Türkiyə Xarici İşlər naziri Hakan Fidan sədrlik edir.

Həmçinin, görüşdə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak edir.

Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski, Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiya Hərbi Kəşfiyyat İdarəsinin (GRU) rəhbəri İqor Kostyukov daxildir.

Ukrayna nümayəndə heyətində isə Ukrayna Müdafiə naziri Rustem Umerov, Ukrayna Xarici İşlər nazirinin birinci müavini Serhiy Kyslytsya, Təhlükəsizlik Xidmətinin rəhbərinin müavini Oleksandr Poklad və Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin müavini Oleh Luhovskyi təmsil olunur.

“Bu görüşdə iki ölkənin atəşkəslə bağlı mövqelərini nəzərdən keçirmək, əsirlərin mübadiləsi prosesini irəlilətmək və liderlərin görüşünə hazırlıq planlarını müzakirə etmək niyyətindəyik. Görüşlərin davamlı keçirilməsi tərəflər arasında etimadın güclənməsinə xidmət edəcək. Əsas məqsədimiz konkret nəticə əldə etmək və sülh istiqamətində müsbət nəticələr qazanmaqdır”- deyə Hakan Fidan görüşün açılış nitqində bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski NATO liderləri ilə Litvada keçirdiyi görüşdən sonra İstanbul danışıqları öncəsi verdiyi açıqlamada sülh üçün lazım olan addımları atmağa hazır olduqlarını bildirib O, Rusiyanın İstanbul danışıqlarını pozmağa çalışa biləcəyini bildirib və nəticə əldə edilməzsə yeni sanksiyalara ehtiyac olacağını vurğulayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk görüş İstanbulda 6 ay sonra keçirilmiş, ancaq razılıq əldə edilməmişdi. Təxminən 3 il sonra tərəflər yenidən İstanbulda masa arxasına əyləşiblər. Bu, onların üçüncü görüşüdür və danışıqlarda Türkiyə heyəti də iştirak edir.

Digər Kateqoriyalar

2025 © Azervoice