Əsas səhifə » Türkiyə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyəti var - Ərdoğan

Türkiyə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyəti var - Ərdoğan

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan arasında enerji sahəsində möhkəmlənən əməkdaşlıq təkcə iki ölkəyə deyil, həm də regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

AzerVoice xəbər verir ki, Ərdoğan bu fikirləri Azərbaycanın paytaxtı Bakıda keçirilən 30-cu Bakı Enerji Həftəsinin açılış mərasiminə ünvanladığı müraciətdə qeyd edib. Onun müraciətini Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar tədbir zamanı səsləndirib.

Ərdoğan vurğulayıb ki, Türkiyə-Azərbaycan enerji əməkdaşlığı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, eləcə də TANAP layihəsi ilə daha da güclənib və bu əməkdaşlıq beynəlxalq miqyasda strateji əhəmiyyət kəsb edir.

“Bu əməkdaşlıq yalnız Türkiyə və Azərbaycana deyil, həm də regiona və Avropaya enerji baxımından töhfə verməyə davam edir. Mart ayında istifadəyə verdiyimiz İğdır-Naxçıvan boru kəməri illərə dayanan tərəfdaşlığımızın ən yeni nümunəsidir. Bu layihə Naxçıvanın enerji təhlükəsizliyini artırmaqla yanaşı, bizi daha da yaxınlaşdırdı,” – deyə Ərdoğan bildirib.

O, həmçinin elektrik bağlantılarının artırılmasının strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Türkiyə-NaxçıvanTürkiyə-Gürcüstan enerji əlaqələrinin gücləndirilməsi qarşıda duran əsas məqsədlərdəndir.

“Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında imzalanan ‘Yaşıl Elektrik Daşıması və Ticarəti üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu’ da regionun enerji təhlükəsizliyi və rifahı üçün tarixi əhəmiyyətə malikdir,” – deyə Ərdoğan əlavə edib.

Ərdoğan eyni zamanda Türkmən qazının Azərbaycan və Türkiyə üzərindən ixracı məsələsində əməkdaşlıq üçün yeni imkanların yarandığını bildirib. Onun sözlərinə görə, bu layihə həm enerji tədarük yollarının şaxələndirilməsinə, həm də regional rifahın artırılmasına xidmət edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice