Əsas səhifə » Britaniya 2035-ci ildə bu günkindən daha güclü orduya sahib olacaq - Starmer

Britaniya 2035-ci ildə bu günkindən daha güclü orduya sahib olacaq - Starmer

BAKI, AzerVoice

Böyük Britaniya 2035-ci ildə bu günkindən 10 dəfə daha ölümcül bir orduya sahib olacaq.

AzerVoice xəbər verir ki, bu barədə İngiltərənin Baş naziri Kir Starmer Şotlandiyanın Qlazqo şəhəri yaxınlığındakı gəmiqayırma zavodunda çıxış edərkən bildirib.

O, ölkəsi ilə NATO-nun təhlükəsizliyinin bir-birinə bağlı olduğunu vurğulayıb.

Starmer bildirib ki, həm hərbçilər, həm də müdafiə sənayesi işçiləri və vətəndaşlar ölkənin təhlükəsizliyində rol oynayacaqlar.

“Görürük ki, bəzi şeylər dəyişir. Qarşı-qarşıya olduğumuz təhdid Soyuq Müharibə dövründəkindən daha ciddi, daha proqnozlaşdırıla bilməzdir. Avropada yeni bir nüvə riski, gündəlik kiberhücumlar, dənizdə və səmada artan Rusiya təhdidi ilə üz-üzəyik” - deyə, Starmer qeyd edib.

O, Rusiyanın addımlarının İngiltərədəki iqtisadiyyata mənfi təsir etdiyini də vurğulayıb.

“Həyata keçirdiyiniz iş Britaniyanı daha güclü və təhlükəsiz edəcək. Müharibəyə hazır, güclü ittifaqlara sahib, ən son texnologiyalara malik bir millət olaraq gələcəyə hazırlanacağıq” - deyə, o Strateji Müdafiə Qiymətləndirməsi komandasına müraciətində bildirib.

O, müdafiə xərclərinin 2027-ci ildə ÜDM-nin 2,5 faizinə, növbəti hökumət dövründə isə 3 faizə yüksəldiləcəyini bildirib.

Starmer, silahlı qüvvələrin döyüşə hazır vəziyyətə gətiriləcəyini və bu yolla çəkindirmə gücünün artacağını vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice